AZ   |   RU
Bizim Cənubi Qafqaza ümumi baxışımız sülh, sabitlik və inkişafa əsaslanır - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Cəbrayıl və Zəngilan rayonlarına səfərini uğurlu adlandırıb. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli əlaqələri, regiondakı və dünyadaki vəziyyəti müzakirə edib.

“Əziz qardaşım İlham Əliyevlə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etdik. Zəngilan strateji baxımdan mühüm yer tutur və tikilən hava limanı təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına mühüm töhfə verəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində işlər fəal templə davam edir. Əminəm ki, Azərbaycanın investisiyaların cəlb edilməsi istiqamətində atdığı addımlar tezliklə Qarabağı regionun parlaq ulduzuna çevirəcək”, - deyə Ərdoğan bildirib.

“Bizim Cənubi Qafqaza ümumi baxışımız sülh, sabitlik və inkişafa əsaslanır. Sərhədlərin demarkasiyası, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında kommunikasiyaların açılması və Ermənistanla sülh sazişinin imzalanması regionda vəziyyətin normallaşmasına töhfə verən mühüm addımlar olacaq. Uzun illərdən sonra bölgədə uzunmüddətli sülh şansı yarandı və bunun üçün ağır bədəl ödənilməli idi”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyiş şübhəsiz ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək.


Daşqın Həsənov
Missiya.Az
 


  • 21-10-2022, 15:09