Basarkeçər istiqamətində artilleriya vasitələrinin olması Azərbaycan Silahlı Qüvvələri tərəfindən əlavə qüvvə və vasitələrin hərəkəti və yerləşdirilməsi ilə əlaqədardır ki, bu da müəyyən gərginlik yaradıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyi məlumat yayıb.
"Ermənistan tərəfinin Azərbaycanın əlavə artilleriya və zenit vasitələrinin bu bölgəyə yerləşdirilməsindən sonra atdığı addımlar sırf müdafiə xarakteri daşıyır" deyən erməni tərəfindən yayılan məlumatda həm də Azərbaycan tərəfi ilə əlavə qüvvələri geri çəkməklə bağlı danışıqlar apara biləcəklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi ilə bağlı məlumat yayıb.
Məlumatda o da qeyd olunub ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Məhz Azərbaycan tərəfinin yaydığı məlumatdan sonra erməni tərəfi də bunu etiraf edib. Ermənistan müdafiə nazirliyi onu da əlavə edib ki, bu sırf müdafiə xarakteri daşıyır.
Görünən odur ki, erməni tərəfi törətdiyi təxribatlara cavab olaraq aldığı dərslərdən hələ də nəticə çıxarmaq istəmir. Yeni təxribatlara zəmin hazırlamaq üçün əlavə qüvvələri sərhəd xəttinə yerləşdirib və adını da müdafiə məqsədi qoyub. Deyəsən Paşinyan yenə də kimlərəsə zəng etmək eşqinə düşüb, məğlub ordusu isə Dəmir yumruq üçün darıxıb.
Nəriman Sultanoğlu
Missiya.Az