AZ   |   RU
“Sərhəddə dəyişiklik yolverilməzdir” – İranı yenə “Zəngəzur sancısı” tutdu


İran XİN-in sözçüsü Ermənistan və Azərbaycan arasında gərginliyin artması və sərhəddə baş verən hərbi toqquşmalardan narahatlığını ifadə edərək, tərəfləri təmkinli olmağa və iki ölkə arasında mübahisələrin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinə çağırıb.

Missiya.Az
xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin rəsmi saytı yazır.

Qurumun sözçüsü Nasir Kənani bir daha Azərbaycan-Ermənistan sərhəddində hər hansı dəyişikliyin baş verməsinin İran İslam Respublikası üçün "yolverilməzliyini" vurğulayıb.

İran İslam Respublikasının məsələ ilə bağlı hadisələri diqqətlə izlədiyini qeyd edən Kənani Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini diqqətə çatdırıb, rəsmi Tehranın iki qonşu ölkə arasında mübahisəli məsələlərin həlli üçün hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, 30 il boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün işğalçı Ermənistan tərəfindən pozulmasına səssiz qalan İranın molla rejimi xüsusilə ikinci Qarabağ savaşında Azərbaycanın öz əbədi torpaqlarını azad etməsindən qəzəbini gizlətməyib, hər vəchlə işğalçı Ermənistana bu gün də hərtərəfli dəstəyini davam etdirir və İrəvanla siyasi-iqtisadi əlaqələrini genişləndirir.

Və indi Azərbaycanın öz əzəli ərazisi olan Zəngəzur dəhlizini açmağa çalışdığı bir vaxtda, Tehran hökuməti nədənsə ərazi bütövlüyü məsələsi dərdinə düşüb.

Teymur ASLANOV
Missiya.Az


  • 13-09-2022, 12:18