“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yenidən başladı. Buna səbəb Azərbaycan, Ermənistan və Rusiyanın 10.11.2020-ci il tarixli üçtərəfli sazişinin qərarlarının yerinə yetirilməməsidir.”
Missiya.az xəbər verir ki, bu haqda rusiyalı politoloq, Rusiyada Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sergey Markov öz teleqram hesabında yazıb.
Markov dünən gecə Ermənistanın Azərbaycana qarşı əl atdığı təxribatı şərh edərək, baş vermiş toqquşmanın səbəblərini ardıcıllıqla açıqlayıb. O qeyd edib ki, əvvəla, Ermənistan öz qoşunlarını Qarabağdan tam çıxarmayıb. İkincisi, nəqliyyat dəhlizlərinin tikintisi başa çatdırıla bilmir. Onlardan ən mühümü Zəngəzur dəhlizidir ki, o, Türkiyə - Naxçıvan - Zəngəzur (Ermənistanda Sünik adlanır) - Azərbaycanın əsas ərazisi - Rusiyanın marşrutu üzrə Ermənistan ərazisindən keçməlidir.
“Ermənistan sərhədin demarkasiyası və delimitasiyasını uzadır, çünki Azərbaycan ərazisinin onlarla kiçik hissəsini vermək istəmir. Qarabağ ərazisinin ermənilərin yaşayan hissəsində Azərbaycana heç bir reinteqrasiya həyata keçirmir. Çünki orada heç bir kompromis əldə olunmayıb. Bu məsələlər həll olunmayana qədər vaxtaşırı döyüşlər davam edəcək.” – deyə Markov bildirib.
Markov baş verənlərin nə ilə bitəcəyinə də proqnoz verib. “Proqnoz - indi bir neçə gün döyüşlər olacaq. Azərbaycanın daha güclü ordusu kiçik bir əraziyə nəzarəti ələ keçirəcək. O zaman vasitəçilər atəşkəsə nail olacaqlar.” – deyə o sonda əlavə edib.
Qeyd edək ki, Markovun şərhi sosial şəbəkələrin erməni seqmentində qəzəblə qarşılanıb.
Teymur ASLANOV
Missiya.Az