260 minə yaxın insan mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu fikirlər Azərbaycan Respublikasının Minatəmizlə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimat mərasimində səsləndirilib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ANAMA-nın yeni loqosunun təqdimat mərasimində Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri, Agentliyin rəhbər şəxsləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək Agentliyin məqsəd və vəzifələri, yeni loqosu haqqında məlumat verib. Qeyd olunub ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Agentliyin əsasında Azərbaycan Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb.
Vətən müharibəsində qazanılan Qələbədən sonra Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi, eləcə də bu sahə üzrə icra edilən fəaliyyəti əlaqələndirir.
Azad edilən ərazilərdə indiyədək 50 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 67 minə yaxın mina və partlamamış hərbi sursatlar zərərsizləşdirilib, 260 minə yaxın insan isə minatəmizləmə ilə bağlı maarifləndirilib. Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən bəri yeni minatəmizləmə alətləri və avadanlıqlarını Azərbaycana gətirmişik. Hazırda proses bu gün də davam edir. İlin sonunadək avadanlıqların qalan hissəsi ölkəyə gətiriləcək. ANAMA bu gün inkişaf edir və potensialı, işçi qüvvəsi artır.
Lazım olduğu təqdirdə yeni avadanlıqlar da ölkəyə gətiriləcək. Yeni vəzifə və öhdəliklərə, “Böyük Qayıdışa” doğru yolumuza Agentliyin yeni missiyasını əks etdirən loqo ilə addımlamaq niyyətindəyik. Bildirilib ki, səkkizguşəli ulduzdan ibarət yeni loqo yaradılış, yenilik, əbədiyyət rəmzi olaraq yeniliklərin yaradılması, yeni hədəflərə çatmağımızı əks etdirir. Mərkəzdəki dairə birlik və sabitlik rəmzi olaraq dövlət və vətəndaş birliyini, dəstəyini, bərabərlik şəklində sağlam addımlamağımızı ehtiva edir.
Göy rəng sülh rəmzi olaraq, başımızın üzərindəki açıq səmanı, əmin-amanlığı, qurub-yaratmağı bildirir. Bütün elementlər isə ümumiləşərək günəşli sabaha – “Böyük Qayıdışa” - tam təhlükəsiz mühitin yaradılmasına yönəlir. Tədbirin sonunda Agentliyin yeni loqosu haqqında videoçarx nümayiş olunub.
Nəriman Sultanoğlu
Missiya.Az