AZ   |   RU
Yaxın Şərqin xəritəsi dəyişəcək – İranda hansı proseslər gözlənilir?

44 günlük savaşda Cənubdan gələn şüarlardan birində deyilirdi-Azərbaycan oyaqdır, qardaşına dayaqdır! Bu gün oyaq olan qardaşlarımız Babək, Səttarxan, Xiyabani, Pişəvəri ardıcılları olaraq Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırlar.

Bu gün güneyli qardaşlarımızın futbol klubu olan və təbrizli soydaşlarımızın şirin ləhcəsi ilə desək “Traxtur” komandası o tayda milli kimlik mübarizəsinin simvollarından biridir. Həm də təkcə Cənubi Azərbaycan türklərinin deyil, fars işğalı altında yaşayan bütün türksoylu xalqların azarkeşlik etdiyi “Traktor” klubu ən çox azarkeşi olan klublardan hesab olunur. Çılğınlıqları ilə seçildikləri üçün “Traktor”un azarkeşlərinə coşqunlar deyilir.  

Coşqunlar hər oyunda səsləndirdikləri şüar və nəğmələrlə minillərin gerisində qalan molla rejimini silkələyirlər.   Azərbaycan var olsun, İstəməyən xar olsun!   Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!    “Dağlar kimi dayanmışıq, çox meydanlar dolanmışıq” deyən azarkeşlərin dəstəyi ilə “Traxtur” qələbədən qələbəyə yürüyür. Hamının arzusu və inamı odur ki, bu komanda bir gün müstəqil Cənubi Azərbaycanı təmsil eləsin. Molla rejimi cəza tədbirləri ilə azadlıq mübarizəsinin qarşısına keçməyə çalışsa da buna nail ola bilmir. Əksinə mübarizə daha da alovlanır.

Məhz ötən ilə nəzər salsaq görərik ki, Azərbaycanın uğurlarına dözməyən və erməniyə qardaş deyən İran rejimi “Xeybər fatehləri” adlı hərbi təlimlə güya ki, güc nümayiş etdirməyə çalışırdı. “Sepah” terrorçularının da Arazın cənub sahillərində atılıb-düşdüyü bir vaxtda təlimə qatılanlar arasında kütləvi “Bozqurd salamlarını” gördük.  Artıq sosial şəbəkələrə belə nəzarəti itirən İran ordusu damarlarında türk qanı axan hərbçilərin öz qardaşlarına silah tuşlamayacağını yaxşı bilir.  

 İranın əyalət mollalarının və rəsmi şəxslərinin Zəngəzur dəhlizinin açılmasından qorxaraq “sərhədlərimizin yaxınlığında sionist rejiminin varlığına dözməyəcəyik” kimi sərsəm ifadələr işlətdikləri halda avqustun 27-də İranın Azərbaycandakı səfiri Abbas Musəvi Şuşaya səfəri çərçivəsində jurnalistlərə müsahibəsində "İran Zəngəzur dəhlizinin əleyhinə deyil,  İran Azərbaycanla nəqliyyat əlaqələrini genişləndirməkdə davam edir"  deyə vurğulayıb.   Görünən odur ki, siyasi etikadan kənar ifadələr işlədən və tez-tez fikir dəyişdirən İran rəsmiləri regionda yaranmış yeni reallıqlar nəticəsində tamamilə çaş-baş vəziyyətə düşüblər.

Diqqət yetirsək görərik ki, heç bir müsəlman ölkəsi ilə normal münasibəti olmayan İran rejimi İslam dəyərlərini gözdən salmaq, İslamın ciddiliyini itirmək üçün mənasız qaydalar və edamlarla məşğuldurlar.    Qısası, absurd rejimin sonu yaxınlaşdıqca, mollalar atılıb-düşür və çaşqınlıq içində bir-birini təkzib edən bəyanatlar verirlər. Amma artıq zaman yetişib. Cənubi Azərbaycan müstəqillik əldə edəcək və Yaxın Şərqin xəritəsi dəyişəcək. Dünyanın və ən əsası da qədim Şərqin yeniliyə ehtiyacı var.


Nəriman Sultanoğlu
Missiya.Az


  • 29-08-2022, 15:30