Ermənistanda “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı təklifə erməni cəmiyyətində etirazlar davam edir. Dəyişikliyə əsasən hərbi xidmətə yollananlar 24 milyon dram (təxminən 60 min dollar) ödəməklə 2 illik xidmət müddətinin 19 ayından azad olunacaqlar.
Missiya.Az erməni mətbuatına istinadla xəbər verir ki, bu dəfə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan silahlı qüvvələrdə aparılan islahatlarla bağlı yeni layihəni şərh edərkən narazılığını bildirib.
“Bu qanun layihəsi ilə təklif olunan dəyişikliklər mənim üçün qəbuledilməzdir. Silahlı qüvvələrdə xidmət alqışlanmalı və həvəsləndirilməlidir, hərbi xidmətdən azad olmaq üçün qiymət təyin edilməməlidir. Maraqlıdır ki, övladlarının ən azı il yarım müddətinə hərbi xidmətdən azad olunması üçün yuxarıda qeyd olunan məbləği ödəyəcək həmin şəxslərin adları açıqlanacaqmı? Bu şəxslərlə bağlı şəffaflıq olacaqmı?” - deyə sabiq müdafiə naziri etiraz edib.
Xatırladaq ki, Tonoyandan əvvəl də bu layihə ilə bağlı erməni rəsmilərindən, hərbi ekspert və jurnalistlərindən etiraz edənlər olmuşdu.
Nəriman Sultanoğlu
Missiya.Az