AZ   |   RU
Kreml Ermənistanı yeni müharibəyə hazırlaşdırır? – “Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır”


Bir neçə gündür medianın gündəmini İrəvanın təklifi ilə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının bir hissəsinin ölkənin şərqinə dislokasiya edilməsi barədə xəbərlər zəbt edib.

Missiya.Az
xəbər verir ki, dislokasiya barədə xəbərləri Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan təsdiqləyib.

Arutyunyan qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın silahlanmasının gücləndirilməsi yolunda addımlar atılıb.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Moskva Ermənistan ordusunu yenidən qurmaq üçün işlərə başlayıb.



Proseslər göstərir ki, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqaz yeni hərbi-siyasi mərhələyə qədəm qoyur. Siyasi şərhçilər regionda baş verən hərbi-siyasi yeniliklər və Azərbaycanın ata biləcəyi addımlarla bağlı fərqli fikirlər irəli sürürlər.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya Cənubi Qafqazda öz bildiyini etmək istəyir.

Politoloq Missiya.Az-a açıqlamasında bildirib ki, Rusiyanın 102-ci hərbi bazanın bir hissəsini Ermənistanın şərqinə köçürmək planı, İrəvanı ruhlandırmaq və Azərbaycana psixoloji təzyiq göstərmək niyyətinə söykənir: “Türkiyənin Azərbaycanda fəallığını artırması və hərbi bazalar yaratmaq niyyəti, Rusiyanın Ermənistan Orusu ilə bağlı planlarına haqq qazandırmaq üçün gətirdiyi arqumentlər içərisindədir. Ermənistandakı 102-ci hərbi baza NATO-ya qarşıdır.  Rusiya düşünür ki, Türkiyə Azərbaycanda yerləşirsə, bu artıq  NATO-nun Azərbaycanda olması deməkdir. Ona görə də Azərbaycanla sərhəddə bizə yönəlik hərbi-siyasi vəziyyət formalaşdırır. Amma bütün  bunların hamısı hərbi-siyasi avantüradır”.



Qabil Hüseynli Azərbaycanın Cənubi Qafqazda yaranmış yeni hərbi-siyasi vəziyyətə adekvat olaraq hansı addımlar atmalı olduğunu da açıqlayıb. O bildirib ki, Azərbaycan öz ordusunu daha da təkminləşdirmək, NATO standartlarına uyğunlaşdırmaq istiqamətində faəliyyətini sürətləndirməlidir: “Həmçinin Türkiyə Azərbaycanda təkcə quru qoşunlarının hərbi bazasını deyil, həm də hərbi hava qüvvələrinin bazasını yaratmalıdır. Çünki Rusiyanın Ermənistanda həm quru qoşunları, həm də aviasiya  bazası var. Buna adekvat olaraq, Türkiyə Azərbaycanda hərbi bazalar yaratmalıdır”.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu isə Missiya.Az açıqlamasında bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Ermənistanla sərhədi nəzarətə götürməsi rəsmi İrəvanda böyük qorxu yaradıb: “Orduları da yoxdur, müharibədə xeyli itkiləri var. Ona görə də Rusiyaya yalvarırlar ki, bu məsələdə onlara kömək etsin”. 



Elxan Şahinoğlu da Rusiyanın Ermənistanda və ümumilikdə Cənubi Qafqazda artmaqda olan hərbi təsirlərinə qarşı Azərbaycanın ata biləcəyi addımlardan  danışıb: “Əgər həqiqətən, Rusiya öz hərbi bazasını Azərbaycanla sərhəddə yerləşdirərsə, orada rusiyalı sərhədçilər dayanarsa, biz də öz addımlarımızı atmalıyıq. Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb, sərhədlərini qoruya bilməyən və ya qorumaq üçün gücü çatmayan ölkə tamamilə Rusiyanın vassalına çevrilib. Biz də öz tərəfimizdən sərhəd xətlərimizi gücləndirməliyik. Laçın dəhlizi üzərindən sərhəddimizin nəzarətə götürülməsi bunun tərkib hissəsi olmalıdır. Bunu etməsək, Rusiya qüvvələri həm o tərəfdən, həm də bu tərəfdən sərhəddi nəzarətdə saxlayacaqlar. Bu isə Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. O tərəfdən özləri bilər, bu tərəfin nəzarətini Azərbaycan sərhədçiləri həyata keçirməlidirlər. Bunun başqa alternativi yoxdur”.

Elvin Məmmədov
Missiya.Az

  • 23-02-2021, 18:45