AZ   |   RU
“Qisas” əməliyyatı Ermənistana növbəti xəbərdarlıq, ciddi cəza və cavab oldu

Ermənistan tərəfi 2020-ci il 10 noyabr bəyanatının müddəalarını icra etməkdən, Brüsseldə keçirilmiş üçtərəfli görüşdə əldə olunmuş razılıqlardan mütəmadi olaraq boyun qaçırır, sözdə Azərbaycan tərəfinin təklif etdiyi və Brüsseldə əldə olunmuş razılığa əsasən, sülh gündəliyini qəbul etdiyini bəyan etsə də, davamlı şəkildə təxribatlar törədir.

Ermənistanın hakimiyyətdə olan rəhbərləri tərəfindən müxtəlif təxribat xarakterli bəyanatlarla çıxış etməklə Azərbaycana qarşı terrorçu siyasət davam etdirirlər. Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusu bölmələrinə qarşı növbə növbəti terror-təxribatı buna canlı misaldır. Bu təxribat nəticəsində Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan tərəfindən dərhal düşmənə sarsıdıcı cavab zərbəsi vurulub, qanunsuz erməni silahlı dəstələrə qarşı keçirilən

“Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürülüb, düşmən tərəfinin artilleriya qurğuları, bir sıra hərbi texnikası və maşınları sıradan çıxarılıb. Düşmən tərəfi növbəti dəfə müzəffər Azərbaycan Ordusunun gücünü gördü. Ermənistanın təxribatları ilə bağlı cənab Prezident bir neçə dəfə xəbərdarlıq etmişdir. Sonuncu dəfə 2022-ci ilin birinci yarımilliyinə hər olunmuş müşavirədə də Ermənistana ciddi mesajlar vermiş və xüsusilə vurğulamışdır ki, əldə olunmuş razılıqları, öhdəlikləri yerinə yetirməsə, bu, Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq.

“Qisas” əməliyyatı da məhz Ermənistana növbəti xəbərdarlıq, ciddi cəza və cavab oldu. Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında həmrəylik formalaşıb. Bu, dövlətimizin əsas gücünün göstəricisidir. Xalq-iqtidar birliyi onu göstərir ki, Azərbaycan xalqı Prezidentinin ətrafında sıx birləşib. Heç bir qüvvə Azərbaycanda xalq-iqtidar birliyinə təsir edə bilməz. “Qisas” əməliyyatı bird aha onu təsdiq etdi ki, Azərbaycan qanunsuz erməni hərbi birləşmələrin istənilən təxribatına dərhal cavab verəcəkdir. Şəhid olmuş Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq, düşmən tərəfi ən ağır cavab zərbəsi ilə qarşılaşacaqdır.

Əməliyyatdan dərhal sonra qondarma respublikanın dırnaqarası rəhbərləri tərəfindən sərsəm bəyanatlar verməsi, öz havadarlarından dərhal kömək istəməsi, bir sözlə, siyasi oyunbazlıq nümayiş etdirməsi növbəti boşboğazlığın və siyasi cığallığın təsvirini yaratmaqdan başqa bir şey deyildir. Azərbaycan Prezidentinin 2020-ci il 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsində qətiyyətli tələbi, qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan dərhal çıxarılması istiqamətində atdığı addımları proseslərin icrasının haqlı olan tərəfdən, yəni Azərbaycan tərəfindən diktə olunduğu tam açıqlığı ilə göstərir.

Bu, eyni zamanda beynəlxalq hüququn bütün prinsiplərinə tam uyğundur və Azərbaycanın tələbləri qeyri-şərtsiz yerinə yetirilməlidir. Əks-təqdirdə dövlət başçımızın dediyi kimi, “yüz minlik ordumuzu kim dayandıra bilər”. “Qisas” əməliyyatı “dəmir yumruğun” düşmənə vurduğu növbəti sarsıdıcı zərbəsi idi, Cənab Prezidentimizin dediyi kimi, “Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir”.

Məhi Mehtiyev
Respublika Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri


  • 16-08-2022, 15:04