AZ   |   RU
Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək

NATO-nun Madriddə keçirilən sammitindən sonra Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Şimal ölkələrinin alyansına üzvlük məsələsi ilə bağlı ilk görüşü avqustun 26-na planlaşdırılıb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Hələ ki İsveç və Finlandiya tərəfindən NATO-ya üzvlüklə bağlı memorandumda təsbit olunmuş və şifahi olaraq söz verilmiş öhdəliklərin yerinə yetirildiyini görmürük. Bununla belə, biz danışıqlara hazırıq. İsveç və Finlandiya nümayəndələri ilə ilk belə görüşün avqustun 26-da keçirilməsi planlaşdırılır”, - Çavuşoğlu Ankarada mətbuat konfransında deyib.

Türkiyə hökuməti daha əvvəl bəyan etmişdi ki, NATO-nun iyun sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun xarakter daşımır və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, Türkiyə parlamenti onu təsdiq etməyə bilər.

Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri iyunun 28-də iki ölkənin NATO-ya qəbulu qarşısındakı maneələri aradan qaldıran memorandum imzalayıblar. Sənəd terrorizm, o cümlədən Türkiyənin terror təşkilatı hesab etdiyi PKK, onun qolları, eləcə də Türkiyənin 2016-cı ildə hökumət çevrilişinə cəhddə iştirakda ittiham etdiyi FETÖ təşkilatı ilə mübarizədə Ankara ilə əməkdaşlığın qurulmasını nəzərdə tutur.


  • 11-08-2022, 20:59