AZ   |   RU
Gəncədə bir qrup vətəndaşa damazlıq cins heyvanlar və lazımı avadanlıq təqdim edildi


Bu gün Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində daha bir qrup vətəndaş aktivlərlə təmin edilib.

Missiya.az-ın
qərb bürosunun məlumatına görə tədbirdə Gəncə, Şəmkir və Göygöldən olan 25 vətəndaşa simmental cins iribuynuzlu damazlıq heyvan, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib.

Aktivlərlə təmin edilən şəxslər arasında şəhid ailəsi üzvləri, qazilər və vətən müharibəsi iştirakçıları da var. Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdir müavini Namiq Bağıyevin sözlərinə aktivlərlə təmin olunan vətəndaşların müraciətdən sonra agentlik tərəfindən şəraiti yoxlanılır:

“Bildiyiniz kimi özünəməşğulluq proqramının qaydalarına uyğun olaraq müraciət edən vətəndaşın növbəlik qaydasında ilk öncə şəraiti yoxlanılır. Sonradan onlar təlimlərə cəlb edilir. Həmin təlimlərdən sonra bilik və qabiliyyətləri yüksək qiymətləndirilən vətəndaşlar aktivlərlə təmin edilir. Bu gün Gəncəbasar bölgəsindən ümumilikdə 32 ailə aktivlərlə təmin olunac.

Onlardan 25-nə nəzərdə tutulanlar veriləcək.
Gələcəkdə bu layihədən vətəndaşlar işlərini yüksək səviyyədə quraraq sahibkar fəaliyyətlərini genişləndirdikdə onlara Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən digər dəstəklər də göstərilməsi planlaşdırılır” deyə Namiq Bağıyev əlavə edib.  Layihədən yararlanan Göygöl rayon sakini Tofiq Məhərrəmov gələcəkdə ona təqdim olunan cins heyvanları süni mayalandırma ilə artırmaq niyyətindədir.

Onun sözlərinə görə agentliyə bu ilin fevral ayında müraciət etmişdi: “Agentlikdən gəldilər kənddə şəraitimə baxdılar. Şəkillərini çəkdilər. Sonradan təlimlərə qatıldım. Dövlətimizə, ölkə başçısına çox minnətdarıq. Bu verilən heyvanların və avadanlıqların köməkliyi ilə ailə biznesimizi qurmaq, gələcəkdə böyütmək niyyətindəyik. Əziyyəti keçən hər kəsə minnətdarıq” deyə T. Məhərrəmov əlavə edib.  

Qeyd edək ki, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır. Ümumilikdə 200 vətəndaşı əhatə etməsi nəzərdə tutulan layihə çərçivəsində bugünədək 120 vətəndaş aktivlərlə təmin edilib. Yaxın günlərdə daha 80 vətəndaşın bu proqramdan yararlanması nəzərdə tutulub.



Məqsəd Rəhimov
Missiya.



  • 10-08-2022, 18:59