AZ   |   RU
Bolqarıstan Azərbaycan qazının tranziti layihəsinin dayandırılması məlumatlarını təkzib edib

Bolqarıstanın yeni müvəqqəti hökumətinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsini dayandıracağı ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi bildirib.
Belə ki, bir sıra KİV-lər Bolqarıstanın energetika naziri Rosen Xristovun IGB-nin operatoru olan ICGB AD-nin idarəetmə strukturunda dəyişiklikləri təsdiqləmədiyini bildirib.

Bolqarıstan Energetika Nazirliyi məlumatları saxta adlandırıb.

"Ciddi KİV-lərdə "Radevin ofisi Yunanıstanla qaz konnektorunu bağlayır" başlığı ilə dərc olunan saxta xəbərlərə gəlincə, bəyan edirik ki, energetika naziri Rosen Xristov ICGB AD-yə təyinatları ləğv etməyib. Sənədlərə Qeydiyyat Agentliyində baxılarkən proses uzanıb. Məsələ odur ki, icra edilməmiş inzibati tələblər və çatışmayan sənədlər qalıb. Həmçinin, şirkətin idarə heyətinin yeni üzvünün adındakı orfoqrafik səhvləri düzəltmək lazımdır”, - nazirliyin bəyanatında deyilir.

Qurum vurğulayıb ki, Bolqarıstanın həm prezidenti, həm də hazırkı baş naziri dəfələrlə şaxələndirmənin ölkənin enerji strategiyasının əsas prioriteti olduğunu bəyan ediblər.

“Bununla əlaqədar bəyan edirik ki, Energetika Nazirliyinin yeni rəhbərliyi nəinki Yunanıstanla yeni qaz interkonnektorunu bağlamır, əksinə, mövcud problemlərin tez bir zamanda aradan qaldırılması üçün səylərini əsirgəmir”, - məlumatda deyilir.

Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.


  • 6-08-2022, 17:39