AZ   |   RU
"Dövlətimizə qarşı çirkin planlarda iştirak edənlərin cəzası ağır olmalıdır" - Ramin Əhmədov

“Ötən gün Azərbaycanın Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə “Mehdi Xidmətçiləri” ekstremist qruplaşması tərəfindən hücumun edilməsi vandalizm aktıdır. Təəssüf ki, Böyük Britaniyanın hüquq mühafizə orqanları Azərbaycan səfirliyinə edilən hücuma vaxtında müdaxilə etməyiblər. Ümid edək ki, hücumda iştirak etdiyi üçün saxlanılan şəxslər layiqli cəzalarını alacaqlar.  Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan dövləti bütün ölkələrin və xalqların dini və milli dəyərlərinə həmişə hörmətlə yanaşır. Görünür, Azərbaycan səfirliyinə hücumu planlaşdıranların və hücum edənlərin əsas məqsədi ölkəmizdə dini və milli qarşıdurma yaratmaq, dövlətimizin dayaqlarını sarsıtmaqdır”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov London şəhərindəki səfirliyimizə hücumla bağlı danışarkən deyib.  

Ramin Əhmədov Azərbaycan cəmiyyətinin səfirliyimizə edilən hücuma reaksiyasından, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən danışıb. Media Qrup rəhbəri bildirib ki, xalqımızın Azərbaycan dövlətinin maraqlarından çıxış etməsi bir daha göstərir ki, xarici güclərin ölkəmizdəki sabitliyi pozmağa yönələn hər bir cəhdi uğursuz olacaq: “Xəbər yayılandan bəri sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. Vətəndaşlar Azərbaycan səfirliyinə qarşı edilən bu hücumu kəskin şəkildə pisləyir, hiddətlə qarşılayır. Azərbaycan xalqının həmrəyliyi bir daha göstərir ki, təxribatçılar öz niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan xalqı dünən olduğu kimi bu gün də öz bayrağının, prezidentinin ətrafında sıx birləşib. Bundan sonra da edilən bütün təxribatçı cəhdlərə qətiyyətlə müqavimət göstərəcək, təxribatlara uymayacaq. Ümumilikdə son dövrlər bəzi qrupların sosial şəbəkədəki davranışlarından, seçdikləri mövzulardan, işlətdikləri terminlərdən belə aydın görünür ki, bu insanlar ciddi cəhdlə sabitliyi pozmağa çalışırlar. Onlar insanlar arasında çaşqınlıq yaratmağa meyillənirlər və görünür, həmin qruplar təxribatçılıq fəaliyyəti ilə bağlı xüsusi tapşırıq alıblar. Bu gün heç vaxt olmadığımız qədər həmrəyliyə ehtiyacımız var. Belə bir məqamda vətəndaşlarımız sosial şəbəkələrdəki paylaşımlarında xüsusilə məsuliyyətli olmalı, təsir altına düşməməlidirlər. Düşmən müxtəlif təxribatçılıq fəaliyyətlərini davam etdirəcək. Bu səbəbdən, vətəndaşlarımız ayıq-sayıq olmalıdır”.

TAİB təsisçisi Azərbaycana qarşı belə qərəzli, təxribatçı davranışların kökündə ölkəmizin Vətən Müharibəsi, həmçinin post-müharibə dövründə əldə etdiyi uğurlar və bir neçə gün əvvəl ordumuzun keçirdiyi “Qisas” əməliyyatındakı qələbəsinin  dayandığını deyib: “Baş verənlər təsadüfi deyil. Məlumdur ki, hər bir ölkənin xaricdəki səfirliyi həmin dövlətin ərazisi hesab olunur. Bu səbəbdən, əminliklə, hücumun Azərbaycan ərazisinə və  dövlətçiliyinə qarşı yönəldiyi deyə bilərik. Dövlətçiliyimizə qarşı yönələn bu kimi  davranışların  səbəbi ölkəmizin siyasi-diplomatik uğurları və hərbi potensialımızın daha da güclənməsidir. Xüsusilə, son günlər Ordumuzun Qarabağda apardığı uğurlu anti-terror əməliyyatları, yeni ərazilərin nəzarətimizə keçməsi və Azərbaycanın regiondakı dayaqlarının möhkəmlənməsi həmin dairələri ciddi şəkildə narahat edir. Təbii ki, hansı ölkənin hansı planı qurmasından aslı olmayaraq, Azərbaycan öz hədəflərinə doğru uğurla addımlayır. Cənab Prezident İlham Əliyev Azərbaycanın maraqlarından bir addım belə geri durmur, qəbul etdiyi qərarlarda milli maraqları önə çəkir. Bu səbəbdən əminliklə deyə bilərik ki, Azərbaycan xalqına və dövlətçiliyinə  qarşı yönələn bütün təxribatçı planlar, bayrağımıza uzanan əllər, prezidentimizə uzanan dillər  milli birliyimiz və həmrəyliyimiz sayəsində kəsiləcək.”

Ramin Əhmədov sonda onu da qeyd edib ki, dövlətimizə qarşı çirkin planlarda iştirak edənlərin cəzası ağır olmalıdır.


Missiya.Az







  • 5-08-2022, 15:57