“Ermənistan dəfələrlə bəyan edib ki, “Zəngəzur dəhlizi” məntiqi heç bir halda erməni tərəfi üçün məqbul deyil.”
Missiya.Az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi haqqında sualı cavablayarkən deyib.
“Qeyd etməyi vacib hesab edirəm ki, Baş nazir Nikol Paşinyan, Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilən son görüşdən sonra Azərbaycan Prezidenti müvafiq bəyanatla çıxış edərkən, o cümlədən Zəngəzur dəhlizini xatırladanda, Avropa Şurasının prezidenti bu məsələni təkzib edib və belə müzakirələrin olmadığını bildirib”, - Ağacanyan qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın davranışı konstruktiv müzakirələrə kömək etmir. “Təəssüf ki, qonşularımız qeyri-adekvat davranışları və ya əldə edilmiş razılaşmalara əməl etməmələri ilə seçilir”, - Ermənistan rəsmisi bildirib.
Ağacanyan əmin edib ki, Ermənistan “Zəngəzur dəhlizi” məsələsini müzakirə etməkdən imtina edir və əvvəldən bundan imtina edib.