AZ   |   RU
Universitetlərdə keçid balları aşağı salınacaq? – DİM-dən açıqlama

Bu il -  2022-ci ildə Azərbaycanda keçirilən ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyent hələ ki, qeydə alınmayıb. Dövlət İmtahan Mərkəzinin bu günə olan məlumatında da, təəssüf ki, belə bir sevindirici statistikaya rastlamadıq. 


Təbii ki, istər övladlarından yüksək nəticə gözləyən valideynlər, istərsə də şagirdinin uğurunu səbirsizliklə gözləyən orta təhsil müəssisələri bu mövzuda hamıdan çox narahatlıq keçirir.


Bu məsələ  cəmiyyətdə də geniş müzakirələrə səbəb olub. Belə məlumatlar dolaşır ki, bu ilki abituriyentlər ötən illərə nisbətən daha aşağı nəticə göstərdikləri üçün ixtisaslar üzrə keçid balı aşağı salına bilər.  


Məsələ ilə əlaqədar Dövlət İmtahan Mərkəzindən Missiya.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, II və III ixtisas qrupları üzrə 6-7 iyul 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan edilib və indi də yüksək bal toplayan tələbələr kifayət qədərdir. 


“Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Görün, üstündən nə qədər vaxt keçəndən sonra. Ümumiyyətlə,   pedaqoji nöqteyi nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Burada hansısa bir problem yoxdur. Yüksək bal toplayan abituriyentlərin sayı indi də kifayət qədərdir. Hələlik proses tam başa çatmayıb. I və lV ixtisas qrupları üzrə imtahan nəticələri gələn ayın əvvəli elan ediləcək. DİM tərəfindən imtahan nəticələri ilə bağlı yekun statistik rəqəmlər də dərc olunacaq. O zaman müqayisə apara bilərik. Ancaq burada əsasən orta statistik abituriyentin nəticəsinə fikir vermək lazımdır”.


DİM-dən bildirilib ki, müsabiqə şərtlərində hər hansı bir dəyişiklik nəzərdə tutulmur.


Leyla Səməndər
Missiya.Az

 



  • 25-07-2022, 13:12