AZ   |   RU
Yasamal rayonunda XTQ kapitanı, şəhid Nurlan Mustafayevin doğum günü qeyd olunub - FOTO

Bu gün II Fərxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun doğum günü münasibəti ilə anım tədbiri keçirilib, məzarı ziyarət olunub.

Missiya.Az
xəbər verir ki, Yasamal və Abşeron  Rayon İcra Hakimiyyətləri, YAP Yasamal və YAP Abşeron rayon təşkilatlarının, habelə, Yasamal rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə  izdiham yaşanıb.

Tədbirdə bir sıra QHT nümayəndələri –Şəhid Analarına Dəstək İB, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İctimai Birliyi, AMEA-nın nəzdində Qarabağ Fondunun təmsilçiləri də şəhidin ailəsinə dəstək nümayiş etdiriblər.

Şəhidin məzarına tər güllər, əklillər düzülüb, məktəblilər şeirlər səsləndiriblər. Böyük izdihamla müşayət olunan ziyarət zamanı İcra orqanlarının, şəhidin döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin  Nurlan Mustafayevin ailə üzvləri  ilə  səmimi söhbəti baş tutub. Əlaqədar orqanların rəhbərləri şəhidin ailəsinə təsəlli verərək, qayğıları ilə maraqlanıblar. Daha sonra şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

Tədbirdə şəhid Nurlan Mustafayevlə bağlı xatirələr səslənib, çıxışçılar şəhidin ailə üzvlərinə səbr diləyərək, xalqımızın şəhidlərini  heç bir zaman unutmayacağını, onların daim qəlbimizdə yaşadıqlarını diqqətə çatdırıblar. Şəhidin ailə üzvləri Nurlanı anım günündə yad edən hər kəsə təşəkkür edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Anım tədbirində Missiya Media Qrupunun təmsilçiləri də iştirak edib.

Missiya.TV-yə müsahibəsində şəhidin anası Rəhilə Ramazanova oğlu haqqında xatirələrini bölüşərək, göstərilən həm dövlət dəstəyi, həm də xalqın sevgisinə görə  bir daha hamıya təşəkkürünü bildirib.

Şəhidin döyüş yoldaşı Vətən Müharibəsi qazisi, hərbi qüvvələrin  mayoru Nicat Əmirullayev də Nurlanın qəhrəmanlıqlarından və necə bir cəsur döyüşçü olmasından, Vətənə bağılılığından söz açıb.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Mustafayev Nurlan Hamlet oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda","Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə","Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Leyla Səməndər
Missiya.Az


 
 









  • 22-07-2022, 18:48