Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi fonunda enerji resurslarına olan tələbatın qarşılığında tədarükün qeyri-kafi olması və bunun nəticəsində də yanacaq qiymətlərinin qalxması, ümumilikdə bütün dünyada enerji qiymətlərində rekord artıma səbəb olub.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi yeni enerji böhranının təməlini qoyub. Rusiyanın mühüm təchizatçı olması faktı isə enerji amilini asanlıqla təzyiq vasitəsinə çevirib.
Bu arada enerji ehtiyacının əhəmiyyətli bir hissəsini Rusiyadan idxal edən Türkiyə, enerji təhlükəsizliyi məsələsilə gündəmə gəlib. Avropa ilə müqayisədə qiymətlər daha az istehlakçıya təsir etsə də, yayılan məlumatlarda qiymət artımının yüksək olması Türkiyə vətəndaşları və hökumətini narahat etdiyi bildirilir.
Türk mətbuatında da bu mövzu ilə bağlı Türkiyənin hazırkı enerji vəziyyəti və qarşısında duran məsələlər barədə açıqlamalarda olduqca diqqətçəkən məqamlar var.
Bu gün neftin qiyməti sürətlə artaraq 2014-cü ildən bəri ən yüksək həddə çatıb və brent markalı neftin qiyməti 100 dolları keçib. Avropada təbii qazın qiyməti mart fyuçers müqavilələrində 14 faiz artaraq 88 avroya çatıb. Bu, son deyil. Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca, qiymətlərin daha da qalxacağı gözlənilir.
Qlobal elektrik istehsalında qalıq yanacaq qiymətlərinin yüzdə 60-ı keçməsi və pandemiyadan sonra demək olar ki, hər ölkədə rekord səviyyəyə yüksələn inflyasiya, məsələnin təkcə Türkiyə ilə məhdudlaşmadığını göstərir. Yaşayış qiymətləri ilə bağlı artan narazılığın arxasında da bu məsələ dayanır.
Şərqdən enerji tədarükçüsünə ehtiyac var Türkiyənin enerji aldığı ölkələrə nəzər salsaq, görərik ki, 10 il əvvəl Türkiyə təbii qaz ehtiyacının 50 faizini Rusiyadan, 25 faizini İrandan, cəmi 12 faizini Azərbaycandan alırdı. Ancaq indiki mənzərəyə baxanda belə görünür ki, Azərbaycan Rusiya və İranın yerini tutub. Bundan əlavə, Türkiyə mayeləşdirilmiş təbii qaz (LNG) idxalına ciddi əhəmiyyət verərək, yaxın keçmişə nisbətən enerji alışında müxtəlifliyi artırıb.
Enerji Təhlükəsizliyi üzrə mütəxəssis Dr. Ümit Şükrinin sözlərinə görə, bu dəyişikliyin əsas səbəblərindən biri enerji təhlükəsizliyidir. Şükri İranın heç vaxt güvənli enerji tədarükçüsü olmadığına diqqət çəkərək, bu ölkənin Türkiyəni hər zaman çətin vəziyyətə salmağa çalışdığını deyib.
Ötən il yanvarın sonunda İran “texniki nasazlığı” əsas gətirərək 10 gün ərzində Türkiyəyə təbii qaz axını təmin edə bilməyəcəyini bəyan etmişdi. Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz yanvarın 23-də qatıldığı televiziya proqramında İrana göndərilən türk mütəxəssislərin “qış dövrünü keçirmək üçün şəraitin məqbul olduğunu” qiymətləndirdiyini bildirirdi. Gətirilən arqumentlər, İranın irəli sürdüyü bəhanənin inandırıcı olmadığını təsdiqləyirdi.
İran hər il qış aylarında ciddi qaz çatışmazlığından əziyyət çəkir Gündə 850 milyon kubmetr təbii qaz istehlak edən İran yalnız 25 milyon kubmetr ixrac edə bilir. Ümit Şükrinin açıqlamasına görə, İranın hazırkı təbii qaz hasilatını saxlamaq üçün təxminən 70 milyard dollar sərmayəyə ehtiyacı var və bunu təmin etmək mümkünsüz görünür. Yəni bu templə İranın Türkiyə ilə müddəti 2026-cı ilə qədər olan enerji müqaviləsi öz tələbatını ödəyə bilməyəcək və satmağa təbii qazı olmayacaq.
Türk dünyası alternativ enerji mənbəyi ola bilməzmi? Artıq birmənalı olaraq Türkiyə ictimaiyyətində həm Rusiyadan, həm də İrandan verilən enerji ilə bağlı etibarsızlıq və ümidsizlik var. Əvəzində isə Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsi cəmiyyət tərəfindən müsbət qarşılanır. Amma istər-istəməz sual doğur ki, nə üçün Türkmənistan, Qazaxıstan kimi təbii qaz və neftlə zəngin türk ölkələri ilə enerji sahəsində əməkdaşlıq yoxdur? ABŞ-da yaşayan enerji mütəxəssisi Dr. Ümit Şükrinin sözlərinə görə, bununla bağlı bəzi problemlər var.
Çin enerji ixracatında Türkmənistan və Qazaxıstan kimi ölkələrin ilk seçimidir. Rusiya isə bu ölkələrin enerji və xarici siyasətində mühüm təzyiq faktorudur. Yeni boru kəmərinin tikintisinə ehtiyac var. Bunun üçün isə əhəmiyyətli vaxt və investisiya tələb olunur.
Türkiyə uğurlu enerji siyasəti həyata keçirib Pandemiya və Rusiya-Ukrayna böhranı sayəsində enerji qiymətləri rekorddan rekorda yüksəlsə də, Avropa xalqının cibindən daha çox enerji pulu çıxması təəccüblüdür. Türkiyə bu prosesi daha balanslı şəkildə həyata keçirir. Azərbaycanlı enerji eksperti Dalğa Hatınoğlu Türkiyənin uğurlu enerji siyasəti yürütdüyü qənaətindədir. Hatinoğlu İran və Rusiya ilə təbii qaz müqavilələrinə toxunaraq, uzunmüddətli müqavilələr üçün son 6 ayın orta qiymətinin əsas götürüldüyünə diqqət çəkir. Təbii qazın qiymətinin pik həddə çatdığı dövrlərdə Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) alışına fokuslanmasının yaxşı bir addım olduğunu deyən Hatınoğlu, Türkiyənin bu taktika ilə qiyməti xeyli artırdığını bildirib.
Türkiyənin LNG terminallarının təxminən 50 milyard kubmetr tutumlu olduğunu və ölkənin qaz istehlakına bərabər ehtiyata sahib olduğunu bildirən Hatinoğlu, bu siyasətin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli bir üstünlük olduğunu deyir.
Enerji sahəsində tranzit ölkə hədəfinə çatıldı Keçmişdən günümüzə regional və qlobal miqyasda baxıldığında, tranzit ölkələrin enerjidə ən az istehsalçılar qədər həlledici rola malik olduğu ifadə edilir. Əsas enerji məsələlərində təcrübəsi ilə tanınan Dalğa Hatınoğlunun dediyi kimi, “Türkiyə, Qazaxıstan, Türkmənistan və Azərbaycan neft və qaz tranzitindən illik bir milyard dollardan çox gəlir əldə edirlər”.
Bundan əlavə, 2020-ci ilin yanvar ayında istifadəyə verilən “Türk axını” təbii qaz boru kəməri ilə Rusiya təbii qazının Türkiyə üzərindən Avropaya nəqli Türkiyəni əhəmiyyətli bir yerə gətirdi.
Digər tərəfdən, ötən il Azərbaycan və Türkmənistan Xəzər dənizində iki ölkənin sərhədində yerləşən karbohidrogen yatağının mülkiyyəti ilə bağlı mübahisəyə son qoyub. Hatinoğlunun sözlərinə görə, bu, Türkmənistanın neft və qazının Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən qərbə göndərilməsinə yol açıb və Türkiyənin hər mənada təhlükəsiz mərkəzə çevrilməsinə şərait yaradıb.
Bundan başqa, Türkiyə, Şərqi Aralıq dənizi və Qara dənizdə indiyə qədər kəşf edilən yataqlar qiymətləndirilsə, enerji ehtiyacının 15 faizini ödəyəcək. Bu, Türkiyənin enerji təhlükəsizliyinə böyük töhfə verir.
Enerji Təhlükəsizliyi ilə Milli Təhlükəsizlik arasında fərq qoymaq mümkün deyil. Bundan əlavə, iqtisadi inkişafın vacib şərti enerji resurslarının təminatıdır.
Digər tərəfdən, təbii qazdan təzyiq aləti kimi istifadə etməyi vərdiş halına gətirən Rusiya və hər zaman kürəyindən xəncər vurmağa çalışan İran kimi tədarükçülərin olması Türkiyənin hansı vəziyyətdə olduğunu izah etməyə kifayətdir.
Məhz bu səbəbdən Avropa Rusiya təbii qazına alternativ mənbə axtardığı dövrdə, Türkiyə Azərbaycan vasitəsilə Türkmənistan “mavi yanacağı”nın ölkəyə nəqli ilə bağlı imkanlarının öyrənildiyini bəyan edib.
Ümid edək ki, Türk Dünyası özünün heç kimdən asılı olmayan enerji təchizatı şəbəkəsini qura biləcək.
Lamiyə RövşənqızıMissiya.az