AZ   |   RU
“Qara bəxtli” diyarın AĞ GÜNLƏRİ – Azad olunmuş ərazilərin bərpası dünyaya nəyi anladır?



Prezident İlham Əliyev  “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda edilən dəyişikliyi təsdiqləyib.


Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsait ayrılacaq.Bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda sözügedən ərazilərin bərpasına 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.  

Qanunda edilən bu dəyişiklik azad edilmiş ərazilərin dirçəldilməsi, dağıntıların aradan qaldırılması, müasir şəhər və qəsəbələrin salınması, kənd təsərrüfatı üçün lazımi infrastrukturun yaradılması istiqamətində aparılan və hədəflənən böyük bərpa-quruculuq işlərinin nə qədər sistemli olduğunu göstərir. “Biz Qarabağı dirçəldəcəyik” deyən Ali Baş Komandan, Prezident İlham Əliyevin bu sahədə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan xalqının öz tarixi torpaqlarına olan həsrətinin və sevgisinin təzahürüdür. Vətən müharibəsinin bitməsindən 19 ay keçməsinə baxmayaraq, görülən işlər - “Füzuli Beynəlxalq hava limanı” -nın tikilib istifadəyə verilməsi, inşası davam etdirilən “Zəngilan Beynəlxalq hava limanı” və Laçın Hava limanı”, silsilə olaraq istismara təqdim edilən enerji qovşaqları, Ağdamda ilk “Ağıllı şəhər”, Zəngilan rayonunda ilk “Ağıllı kənd” layihəsi, Şuşa şəhərinin tarixi əhəmiyyətinin geri qaytarılaraq yenidən “Mədəniyyət paytaxtı”-na çevrilməsi və bütün bunların qəhrəman Azərbaycan əsgərinin qanı bahasına iz qoyduğu “Zəfər yolu” vasitəsilə həyata keçirilməsi, böyük qayıdışın ilk addımları kimi qiymətləndirilir.  

Azərbaycanın qısa müddətdə, 30 il boyunca məhv edilmiş, vandalizmə uğramış, dağıdılaraq mənşəyi və tarixi silinməyə çalışılmış, ekoloji balansı pozulmuş bu ərazilərdə apardığı bərpa-quruculuq işləri ermənilərin əsassız və yalan iddiaların üzərindən bir daha xətt çəkir. Azərbaycan 30 ilə yaxın Ermənistanın  işğalı altnda  qalmış, “tarixi torpaqlarımız”  dediyi, ancaq dağıntı və talan ilə tarixi izlərinin silinməyə çalışıldığı bu torpaqların əsas sahiblərinin birmənalı olaraq Azərbaycan xalqı olduğu həqiqətini bir daha həm erməni xalqına, həm də bütün dünyaya sübut etdi.  

İstər işğal dövründə, istərsə də müharibənin sonunda basdırılan, insan həyatına qəsd məqsədi güdən minlərlə  minanın olması belə Azərbaycan xalqının öz tarixini bərpa etmək istəyinə mane ola bilmir.  

Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi sayılan,  ədəbiyyatımızın görkəmli nümayəndələrinin dünyaya göz açdığı, Prezident İlham Əliyevin də bu səbəbdən xüsusi diqqətdə saxladığı Şuşa şəhəri yenidənqurma işlərinin əsas mərkəzinə çevrilib. Tarixi məhəllələri, bulaqları qorunaraq restavrasiya olunan Şuşanın tarixi “Gövhər ağa” məscidləri yenidən qurulub, şirin sulu “İsa bulağı” yenidən istifadəyə verilib. Son aylarda elan olunan tenderlərlə xarici şirkətlər də aparılan tikintilərə cəlb olunur.  

Görülən bütün bu işlər evlərindən didərgin düşmüş insanların ən qısa zamanda dədə-baba yurdlarına qayıtmasını təmin edəcək. Bu da dövlətin qarşısında duran prioritet məsələlərdən biridir.

Teymur Aslanov
Missiya.Az

  • 5-07-2022, 13:05