Missiya.Az xəbər verir ki, Türkiyənin Tmbhaber.com saytında Zəfər Partiyasının sədri, millət vəkili Prof.Dr. Ümit Özdağla müsahibə dərc olunub. Tanınmış azərbaycanlı jurnalist Oktay Hacımusalının aldığı müsahibədə Türkiyə-Azərbaycan münasibətləri, Zəfər Partiyasının Türk Dünyasına baxışı, bölgədə baş verənlər barədə danışılıb. Müsahibəni oxucularımıza təqdim edirik.
-Söhbətimizə kövrək notlarla başlamaq istərdim... Bildiyimiz kimi, mərhum atanız Müzəffər Özdağ 90-cı illərdən vəfat etdiyi günə kimi Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədri olub. Təbii ki, bu kontekstdən çıxış etsək zatən ailənizdə bir Azərbaycan sevgisi var. Ona görə də soruşmaq istəyirəm ki, “Azərbaycan” – deyəndə cənab Ümit Özdağ nə hiss edir?
-Türkiyə mənim üçün nə deməkdirsə, Azərbaycan da elə o deməkdir. Türk dünyasını bir insan bədəni kimi qəbul etsək, gövdəsi Türküstandır, boğazı Azərbaycandır və baş isə şübhəsiz ki, Türkiyədir. Cənubu və Quzeyi ilə Azərbaycan Türk dünyasının qovuşduğu yerdir, belə deyim. Bakıda hava limanına enəndə özümü İzmirə enmiş kimi hiss edirəm, Bakının küçələrində gəzəndə elə bilirəm Muğlada gəzirəm.
Ona görə də mən Türkiyəni necə özümə doğma hiss edirəmsə, Azərbaycan haqqında da eyni hissləri keçirirəm. Azərbaycanın dərdi, sevinci, qələbəsi, məğlubiyyəti, uğuru və uğursuzluğu haqqında da eyni hissləri yaşayıram, bəli, bu, bütün ailəmizdən gələn sevgidir, amma bu, təkcə bizim ailəmizə xas olan bir durum deyil, bütün türk millətində bu sevgi var.
-Partiyanız yaranandan sonra ilk səfərinizi məhz bu səbəbdən Azərbaycana etdiniz?!...
- Bəli, Zəfər Partiyası yaranandan sonra ilk səfərimizi Azərbaycana etdik. Bu səfər zamanı biz Bakıda olduq, Gəncədə olduq, erməni faşistlərinin törətdiyi vəhşiliklərinin izlərini öz gözlərimizlə gördük, şəhidlər xiyabanını ziyarət etdik, ruhlarına dualar oxuduq və Azərbaycanın böyük qələbəsinin necə qürurla qeyd edildiyinin şahidi olduq... Və Biz də bu qələbəyə baxaraq öyündük.
- Məncə, siz Zəfər bayramı zamanı Bakıda olmusunuz, eləmi?
- Bəli, o şanlı günlərdən sonra idi.
-Cənab Özdağ, partiyanızın türk dünyası ilə bağlı çalışmaları varmı?!
- Təbii ki, türk dünyasına cavabdeh olan sədr müavinimiz var. Bundan əlavə, biz türk dünyasının məsələlərinə xüsusi önəm veririk və bundan sonra da verəcəyik. Türkiyənin və Türk dünyasının 21-ci əsrdə böyük bir sıçrayış əldə etdiyini görürük, hər şeyə rəğmən, bütün maneələrə, bütün çətinliklərə baxmayaraq, Türkiyənin içində olduğu çətinliklərin öhdəsindən necə gələcəyiksə eləcə də inanırıq ki, türklərin yüksəliş prosesi dünyada 21-ci əsrdə də artan xətt üzrə davam edəcək.
- Partiyanız hansı Türk dünyası modelini mənimsəyib? Məncə bunu sizə deməyə ehtiyac yoxdur ki, hər kəsin ağlında bir türk dünyası modeli var...
-Biz ilk növbədə hesab edirik ki, bütün türk ölkələri iqtisadi inkişafda, demokratik tərəqqidə, milli həmnrəyliyin və bütövlüyün təmin olunmasında səriştəli olmalı, xarici təhdidlərdən qorunub müdafiə oluna bilməlidirlər və hesab edirik ki, Bunun üçün türk dünyasında böyük bir həmrəylik olmalıdır. Türkiyə ilə Azərbaycan arasındaki həmrəylik bir xeyli inkişaf edib və inşaaallah daha da inkişaf edəcək. Azərbaycanın Türkiyəyə böyük investisiyaları var, media və kommunikasiya sahəsində böyük əməkdaşlıqlar əldə olunub. İndi Türkiyənin gündəmi Azərbaycanın, Azərbaycanın da gündəmi Türkiyənin gündəminə çevrilib. Hərbi əməkdaşlığımız qazanılan Zəfərlə yeni bir mərhələyə qədəm qoyub. Lakin biz hesab edirik ki, Türküstan da bu birliyə daxil olmalıdır. Məsələn, Türkiyə hökuməti bu gün Afrikada torpaq icarəyə götürür, amma bunu Qazaxıstanda etsə, daha yaxşı olar. Niyə biz Qazaxıstanda torpaq icarəyə götürmürük?! Niyə biz Özbəkistanda torpaq icarəyə götürmürük?! Bu sahədə müəyyən işlər görməliyik və görəcəyik də. Onları da planlaşdırırıq. Biz iqtisadi əməkdaşlığı inkişaf etdirməliyik. Türkiyə vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının Türkiyədə və bu iki ölkə vətəndaşlarının digər türk ölkələrində rahat işləməsi imkanlarını nəzərdən keçirilməlidir. Biz ümumi əmək bazarı yaratmalıyıq. Bizdə olan məhsullar Özbəkistanda yoxdur, Özbəkistanda olanlar Azərbaycanda yoxdur və ya əksinə. Xülasə, bir-birimizin çatışmazlıqlarını tamamlamalıyıq. Düşünürəm ki, bizim birgə universitet təşəbbüslərimiz sürətlənməli və güclənməlidir. Bakı bunun üçün ideal şəhərdir. Türk dünyasının ortaq universitetini Bakıda qura bilsək, amma dünyanın qabaqcıl universitetləri ilə rəqabət aparacaq bir universitet qura bilsək, məncə bu, türk dünyasının gələcəyi üçün böyük bir dönüş nöqtəsi olar.
Fikirləşin, Türk dünyasının hər yerindən gələn gənclər Boğaziçi Universiteti, Orta Doğu Texniki Universiteti və ya dünyanın qabaqcıl universitetləri arasında olan Münhen Universiteti kimi bir universitetdə təhsil alaraq Türk dünyasının gələcəyinə töhfə verəcəklər. İnsana qoyulan investisiyalarla gələcəyimizə töhfə verəcək, bununla da biz 21-ci əsrdə türk dünyasının inkişafını təmin edəcəyik. Bu və buna bənzər bir çox layihələrimiz var. Bilirsiniz ki, biz Zəfər Partiyasını qurarkən Türküstanda Xoca Əhməd Yəsəvinin türbəsini ziyarət etməklə işə başladıq. Daha sonra türk dünyasının müxtəlif yerlərindən gəlib burada yaşayan Türkiyə Cümhuriyyətinin vətəndaşı olan qardaş və bacılarımızı partiyamıza dəvət etdik. Yəni Türk dünyası partiyası olaraq partiyamızı qurduq. Ona görə də biz türk dünyasının məsələlərinə xüsusi həssaslıqla yanaşırıq.
-Partiyanızın idarəçiliyində təmsil olunan Türk dünyasından olan qardaşlarımız varmı?!
-Təbii ki, idarə heyətində təmsil olunan dostlarımız var.
-Ümid bəy, Güney Azərbaycana həm partiya, həm də şəxsinizin münasibətini öyərnmək istərdim.
-Biz İranın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq İran sərhədləri daxilində yaşayan türklərin hüquqlarının təmin olunmasının da tərəfdarıyıq. Hesab edirik ki, İran Azərbaycanla münasibətlərini yaxşılaşdırmalı, Ermənistanla münasibətlərini isə kəsməlidir. Belə bir münasibət əslində İranın xeyrinədir, lakin İrandakı fars lobbisi məsələyə çox dar prizmadan baxır və regionda yaranacaq müsbət atmosferin əleyhinə işləyir ki, bu da ancaq onların özlərinə zərər vurur.
- Mən də mövzunu elə o yerə gətirmək istəyirdim: bilirsiniz, Qarabağ zəfərindən sonra İranla Azərbaycan arasında gərginlik mövcuddur ki, bunu əslində Azərbaycan törətmir. Bu probleminb həllini necə görürsünüz?
-Bəli, Azərbaycanın Qarabağda qazandığı qələbə İranı çox narahat edir. Bu günlərdə Türkiyədə İranın İsrail vətəndaşlarına qarşı bəzi terror aksiyaları həyata keçirəcəyi bildirilib. Sizə bir informasiya verim: İranın İsrail vətəndaşlarına qarşı törədəcəyi terror aksiyaları və Türkiyənin bu aksiyaların qarşısını almaq üçün əməliyyatlar aparması birbaşa Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır.
-Bir başa bağlıdır, deyirsiniz, yəni...
- Birbaşa bağlıdır...
-Yaxşı, bunu nəyə əsaslanaraq deyirsiniz?!
- Məndə olan məlumatlara əsasən...
- Ayrıca, bilirsiniz ki, Azərbaycana qarşı İran xüsusi ilə məzhəbçilikdən istifadə edir...
- Bəli, İranın Azərbaycana təsir etmək üçün şiə təəssübkeşliyindən istifadə etdiyini bilirik. Biz İranın Azərbaycanın hansı bölgələrində təsirli olduğunun da çox yaxşı fərqindəyik. Mən həmin ərazilərə də baş çəkmişəm. Amma mollalar bircə şeyi başa düşmək istəmirlər ki, İranda dindən istifadənin artıq heç bir təsiri yoxdur. İran artıq psixoloji və ideoloji müharibəni uduzub. Buna görə də onlar regional və qlobal siyasətlərini yenidən nəzərdən keçirməlidirlər. Onlar başa düşməlidirlər ki, Şimalda məzhəbçilik siyasəti əsla effektiv olmayacaq. Güneydə təsirli olmayan, hətta Tehranda və digər farsların cəmləşdiyi bölgələrdə təsirli olmayan bu siyasətdən artıq imtina edilməlidir.
-Ümid bəy, Zəngəzur dəhlizi haqqında nə düşünürsünüz?!
- Ümid edirəm ki, qısa müddət ərzində gözəl xəbərləri eşidəcəyik. Biz də həmin prosesləri izləyirik, Zəngəzur dəhlizinin reallaşması üçün əlimizdən gələni edirik və edəcəyik...