torpaqlarının Ermənistan
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin tarixi, mədəni və dini irsi dağıdılıb, təhqir edilib, zədələnib, məhv edilib. Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmi bütün işğal olunmuş ərazilərdə özünü göstərməkdədir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə onlar tərəfindən talan edilərək uçurulub.
Missiya.Az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Azərbaycan BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubunda qeyd edilir.
Bildirilir ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün respublikamızın ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni irsin qorunması, arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992) və mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasın (1972) prinsiplərinə ziddir.
Məktubda Azərbaycanın mədəniyyət abidələrinin, tarixi və dini obyektlərinin erməni işğalçıları tərəfindən məhv və qarət edilməsi istiqamətində sistemli addımlar atdığı barədə faktlar təqdim olunub. Bildirilib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarındakı mədəni irsi təxribat yolu ilə istismar etməklə yanaşı, onilliklər boyu davam edən anti-azərbaycan nifrətini asanlıqla ifşa edən çoxsaylı faktlara susur.