İstənilən beynəlxalq tədbirin mahiyyətində siyasi ehtiram da olur. İştirakçıların təşkilatçı dövlətə inamı, etibarı, siyasi dürüstlüyünə sayğıları belə tədbirlərin təşkilində olduqca əhəmiyyətli amillərdəndi. Son on illərdə Azərbaycanda neçə-neçə beynəlxalq tədbir keçirilib. Hərbi sahədə keçirilən tədbirlərdə də layiqincə iştirak edən Azərbaycan ordusunu dünya ictimaiyyəti həm güclü ordu kimi tanıyıb, həm də təşkilatçılığı ilə seçilən ordu kimi.
Texnofest Türkiyədə təşkil olunmuş və Türkiyədə keçirilən ən böyük festivallardan biridir. Mahiyyəti etibarilə Aviasiya, Kosmos və Texnologiya festivalıdır. Konstruktor Səlcuq Bayraktarın təşəbbüsü ilə təşkil olunmağa başlayıb. Məqsəd milli təfəkkürün elmi nəticələri olan texnoloji prosesləri, texnologiyaları daha dayanıqlı inkişafını təmin etməkdir. Bu, festival formatında keçirildiyindən həm də təbliğati xarakter daşıyırdı, ictimaiyyətə bu istiqamətdə ətraflı informasiyalar verir.
“Teknofest “in Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi böyük etimadın, böyük ehtiramın, böyük sevginin təzahürüdür.
İlk dəfə 2018-ci ildə Anadoluda keçirilən bu festival Türkiyədə texnologiyaların hansı səviyyədə inkişaf etdiyini, gələcək inkişaf perspektivlərini nümayiş etdirdi. Festival ictimaiyyət üçün açıq idi. Gələnlər iştirakçı dövlətlərin yüksək səviyyəli texnologiyaları ilə tanış olurdular, məlumatlanırdılar. Bu baxımdan “Teknofest Azərbaycan” Azərbaycanın da gələcəkdə texnologiyalar dövləti olacağına inamın festivalı oldu. Gənclər festivala böyük maraq göstəriridi. Bu maraq yaxın gələcəyin yeni texnologiyaları olacaq, şübhəsiz...
Səlcuq Bayraktar adı da, “Bayraktar – TB2” adı da Azərbaycanda hamıya yaxşı tanışdır və böyük ehtiramlarla, sevgilərlə əhatələnib. Onun “Teknofest Azərbaycan”da dediyi fikirlər də Vətənə sevginin təzahürüdür, təkcə Türkiyəni deyil, həm də Azərbaycanı əhatələyir: “Biz “Teknofest”i uşaqlarımızın və gənclərimizin qarşıısında heç bir maneə olmasın deyə keçiririk”. Necə duru niyyətdir, dünyəvi niyyətdir, Vətənə gərəkli niyyətdir!. Tükiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank dedi: “Biz Bakıda təkcə festival keçirmirik, eyni zamanda bütün dünyaya bir millət, iki dövlət olduğumuzu göstəririk”.
Festivalda müxtəlif beynəlxalq tədbirlər, müsabiqələr də keçirildi. Bu, festivalın mahiyyətindən irəli gələn tədbirlər idi.
“Teknofest Azərbaycan” Türkiyənin yüksək texnologiyalar dövləti olduğunu təsdiqlədi, yaxın gələcəkdə Azərbaycanın da texnologiyalar dövləti olacağına inam yaratdı. Hamı inandı ki, Azərbaycanda hərbi texnologiyaların da yüksək səviyyədə inkişafı təmin ediləcəkdir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı