AZ   |   RU
"Heydər Əliyev vətəndaş müharibəsinin astanasında olan ölkəni strateji inkişaf xəttinə gətirdi" - Ramin Əhmədov

“Azərbaycan müstəqillik qazandığı ilk günlərdən dövləti idarə edənlərin sərişdəsizliyi nəticəsində ölkədə xaos hökm sürməyə başladı. 1990-cı illərin əvvəlində Azərbaycanda həm siyasi, həm də iqtisadi vəziyyət çox gərgin idi. Demək olar ki, ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə idi. Bölgələrdə silahlı qruplar hakimiyyəti ələ almağa çalışırdı. Bundan başqa, həmin vaxt Qarabağda aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu ciddi uğursuzluqlara üzləşirdi. Təbii ki, sərişdəsiz idarəçilik, cəbhə bölgəsindəki uğursuzluqlar ölkədə AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamını azaldır, vətəndaş qarşıdurmasını gücləndirirdi”.
 

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi Ramin Əhmədov 1993-cü il Gəncə qiyamı barədə danışarkən deyib.
 
Ramin Əhmədov bildirib ki, əhalinin hakimiyyətə inamının olmaması, hakimiyyət strukturları arasında xaosun yaşanması ölkəmizi vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu.
 
“Həmin dövrdə Gəncə ilə yanaşı Lənkəran, Qusar və digər regionlarda vəziyyət gərginləşməyə başlamışdı və separatçı meyillər artmışdı. Yerli idarəçilər mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edirdilər. Gəncədəki 709 saylı Hərbi Hissə ilə bağlı məsələlər çoxlarının yadındadır. Bu hərbi birləşmə faktiki olaraq Əbülfəz Elçibəyə tabe olmaq istəmirdi. Bu hərbi hissə ölkə rəhbərliyi tərəfindən ləğv olunsa da bunun da heç bir nəticəsi olmadı. Məsələ ilə bağlı Gəncə şəhərinə səfər edən hüquq mühafizə orqanlarının rəhbərləri girov götürülmüşdülər. Sonda nə baş verdi? Sürət Hüseynovun nəzarətində olan hərbi birləşmələr mərkəzi hakimiyyətə qarşı qalxdılar. Hakimiyyətdəki səriştəsiz adamlar tabesizlik göstərən silahlı birləşmələrin təzyiqlərinə davam gətirə bilmədilər. Bu səbəbdən, Azərbaycanda hərbi-siyasi böhran kritik həddə çatdı, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı”.
 

Azərbaycanı hərbi-siyasi gərginlikdən, parçalanmadan Ulu Öndər Heydər Əliyevin xilas etdiyini deyən Ramin Əhmədov bildirib ki, Ümummilli Lider ölkəmizi vətəndaş müharibəsindən xilas etdi.
 
“Həmin dövrdə həm iqtisadi tənəzzül, həm siyasi gərginlik, həm də Qarabağda aparılan hərbi əməliyyatlar zamanı yaşanan uğursuzluqlar Azərbaycan xalqını çıxılmaz vəziyyətdə qoymuşdu. Xalq Azərbaycanı parçalanmadan, hərc-mərclikdən xilas edəcək lider axtarırdı. Hərc-mərcliyin davam etdiyi dövrdə Azərbaycan xalqını bəlalardan xilas edəcək tək lider Heydər Əliyev idi. Xalq xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu öndər Bakıya gələn kimi vəziyyəti nəzarətə götürdü, qısa müddət ərazində silahlı toqquşmalara son qoydu, Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu. Təbii ki, Ulu Öndərin siyasi bacarığını, liderlik qabiliyyətini növbəti dəfə görən xalq, onun ətrafında sıx birləşdi”.

 
Ramin Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin inkişaf və tərəqqi strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan qarşıya qoyduğu bütün hədəflərlərə çatır.
 
“Ulu Öndər Heydər Əliyev müasir və güclü dövlət qurdu. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə Ulu Öndərin qurduğu dövlətin daha da güclənməsinə, beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilməsinə nail oldu. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa olunması Azərbaycanın gücünün və beynəlxalq nüfuzunun bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, bundan sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq və beynəlxalq nüfuzunu daha da yüksəldəcək”.

Missiya.Az

  • 6-06-2022, 17:23