Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri Nikola Minçev ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
Missiya.Az-a verilən xəbərə görə, Nikola Minçev Azərbaycan xarici işlər nazirini salamlayıb və bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında baş tutan ikinci strateji dialoq görüşü çərçivəsində faydalı fikir mübadiləsinin aparıldığını bildirib. Nazir, parlament ölçüsünün ikitərəfli əlaqələrin vacib istiqamətini təşkil etdiyini qeyd edib. O, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubunu Nikola Minçevə təqdim edib.
Bolqarıstan Milli Assambleyasının sədri məktuba görə təşəkkür ifadə edib və qarşılıqlı təbriklərini səsləndirib.
Görüşdə iki ölkə arasında energetika, iqtisadiyyat, humanitar, o cümlədən təhsil və mədəniyyət, habelə turizm sahəsində əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Bolqarıstan Respublikasının Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.