“Bir tərəfdən çox həyəcanlıyıq, digər tərəfdən də kədərlənirik. Bu gün “TEKNOFEST”in sonuncu günüdür. Biz heç vaxt belə böyük marağın olacağını gözləmirdik. Bakıda olmaq bizi çox sevindirir. Kaş ki, davam etsəydi, amma bu, bizim heç vaxt unutmayacağımız bir təcrübə oldu. İlk dəfə xaricdə TEKNOFEST təşkil etdik və bu, can Azərbaycanda oldu. Bu mənada çox xoşbəxtik”.Missiya.Az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin qurucusu Selçuk Bayraktar deyib.
“Cəmiyyətdə böyük maraq gördüm. Bu, bizə böyük ümid verir. Bu, böyük potensialın olduğunu göstərir. Xüsusilə də bu qardaşlığı gücləndirsək, daha böyük işlər görəcəyik. Dünya türklərin nələr edə biləcəyini Qarabağ müharibəsində gördü”, - deyə Bayraktar bildirib.
Şuşaya səfər etdiyini və çox təsirləndiyini bildirən Bayraktar “Həyat yoldaşım və komandamızla Şuşaya getdik. Gördüklərimdən çox təsirləndim. Həyat yoldaşımla namaz qıldım. Bu günləri mənə göstərdiyi üçün rəbbimə şükür etdim. Çünki bütün bunları və qalibiyyəti verən rəbbimizdir.
Ümid edirəm ki, bir daha belə ağrılar yaşanmaz. Biz nəsillərimizi bu şüurla böyütməliyik ki, bir daha belə iztirablar yaşanmasın”, - deyə çıxışını yekunlaşdırıb.