AZ   |   RU
Elçibəyin istədiyi 4 helikopter və Azərbaycan -Türkiyə münasibətlərinin indiki səviyyəsi – Əliyevlə Ərdoğanın yazdığı tarix

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım ötən günlərdə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin səsləndirdiyi, “Vaxtilə dörd vertolyot istədik, Ankara verə bilmədi” fikrini xatırladaraq hazırda Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycana münasibətinə dair diqqətçəkən açıqlama verib. Binəli Yıldırım bildirib ki, bu gün Rəcəp Tayyip Ərdoğan Türkiyə ilə Azərbaycanı ayırmır: “Rəcəp Tayyip Ərdoğan Qarabağ sizin haqq işinizdir və sizin başınıza gətirilənlər bizim də başımıza gətirilib sözlərini deyə bildi. Ərdoğan Azərbaycana biz sizin yanınızdayıq deməklə bütün dünyaya mesaj verdi” – deyə, sabiq baş nazir qeyd edib.

İndiki məqamda Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Həmin illərdə Azərbaycanın daxilində baş verən siyasi hərcimərcilik və hakimiyyət uğrunda mübarizə ölkədə tam bir xaos yaratmışdı. Bu həssas məqamdan istifadə edən bədnam qonşumuz Azərbaycan torpaqlarını işğal etməyə başladı. Ancaq torpaqların bir-birinin ardınca itirilməsinə baxmayaraq, həmin zaman buna əhəmiyyət verməyən hakimiyyət təmsilçiləri yalnız kürsü uğrunda mübarizə aparırdılar. Ancaq xalq bunun belə davam edə bilməyəcəyini və buna bir çarə yolu tapmağın lazım olduğunu anladı. Həmin zaman Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya dəvət edildi və onun atdığı addımlar nəticəsində ölkədəki siyasi oyunbazlığa son qoyuldu.

30 ilə yaxın erməni vandalizminə məruz qalan Azərbaycanın əzəli torpaqları 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı işğaldan azad edildi. Bu qələbənin də memarı Cənab Prezident İlham Əliyevdir. Ölkə başçısı ilk dəfə olaraq itirilmiş torpaqlarımızı yenidən qaytaran sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl həriflərlə yazdırdı. Bu gün də İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət nəticəsində Azərbaycan regionda qüdrətli dövlətə çevrilib. Bir çox siyasi və qlobal məsələlərin həllində böyük güclər Bakı ilə hesablaşmağa məcbur olurlar.

Bu gün Azərbaycan ölkə başçısı İlham Əliyevin, Türkiyə isə prezident Rəcəp Tayyip Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri ilə bağlı müstəqil qərarlar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir. İlham Əliyev və Əroğanın birgə atdığı addımlar, iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalmaxısını şərtləndirən əsas amildir.

Türkiyə ilə Azərbaycan arasında arasında dərin köklərə bağlı qardaşlıq münasibətlərinin ən geniş nümunəsini ikinci Qarabağ müharibəsi zamanı daha aydın gördük. Türkiyə dövləti ilə yanaşı, qardaş ölkənin də xalqı bu savaşda bizə öz dəstəyini əsirgəmədi. Müharibənin davam etdiyi zamanlar Türkiyənin ən yüksək dövlət rəsmiləri Azərbaycan gələrək Prezident İlham Əliyevlə görüşüb Azərbaycanın tək olmadığını bütün dünyaya nümayiş etdirdilər. Bundan əlavə, həmin dövrlərdə Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə tez-tez telefon danışıqları apararaq, Azərbaycanın haqlı davasında Ankaranın tam gücü ilə Bakının yanında olduğunu bildirirdi. Müharibə zamanı Azərbaycanı meydanda tək qoymayan qardaş ölkə bu gün də Azərbaycanın birmənalı olaraq yanındadır. 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Ərdoğanın işğaldan azad edilən torpaqlara səfəri zamanı səsləndirdiyi fikirlər və Şuşada İlham Əliyevlə imzaladığı bəyannamə və bu gün iki ölkənin bütün müsatəvilərdə birgə addımlaması, dünyaya aydın mesajlar verir: Bu qardaşlıq heç vaxt sarsılmayacaq!

Daşqın Həsənov 
Missiya.Az 


  • 25-05-2022, 18:08