AZ   |   RU
Nizami rayonu 201 saylı məktəbdə “Şuşa dünən, bu gün, sabah” adlı tədbir keçirilib
Nizami rayon 201 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Şuşa dünən, bu gün, sabah”  mövzusunda ədəbi-bədii rayon tədbiri təşkil olunub.

Tədbirdə Nizami rayon İcra Hakimiyyəti Başçısının müavinləri İldırım Mehdiyev, Gülnaz İsrafilova, habelə icra aparatının məsul işçiləri Əli Axundov, Bəhman Hüseynov, Rüstəm Bayramov, Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva, Missiya Media Qrupun nümayəndəsi Lamiyə Əhmədova,  Nizami rayonunun bir sıra məktəblərinin direktorları, Bakı Dövlət Universitetinin kafedra müdiri Xatirə Hüseynova, professor, əməkdar elm xadimi, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmov, Vətən müharibəsi qaziləri, incəsənət nümayəndələri iştirak ediblər.
İlk öncə tədbirə Azərbaycan bayrağı gətirilib, dövlət himni səsləndirilib. Daha sonra şagirdlər Azərbaycanın incisi olan Şuşaya həsr olunmuş ədəbi bədii kompozisiya təqdim ediblər.

Böyük coşqu və maraqla qarşılanan tədbir haqda məlumat verən 201 saylı məktəbin direktoru Afaq Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli sərəncamına  əsasən  məktəbdə də  müvafiq mövzuda hazırlanmış fəaliyyət planına əsasən silsilə tədbirlər hazrlanıb.

Belə ki, “Şuşa dünən, bu gün, sabah” mövzusunda esse, hekayə, əl işi, rəsm, tarixi mövzuda tədqiqat, təqdimat, müsabiqələr həyata keçirilib.  Və bu günkü yekun tədbir həm də müsabiqələrin qalibi olan şagirdlər mükafatlandırılması üçün nəzərdə tutulub. Qeyd olunub ki, uşaqların yaradıcılıq işləri Qarabağın və Şuşanın dünəninə, bu gününə həsr olunub və şagirdlər Şuşanın 10 il sonra necə olacağını xəyal edərək mükəmməl bir layihə ortaya qoyublar.

Afaq Əliyeva vurğulayıb ki, tədbirin sujet xətti şagirdlərin esse və hekayələrdə təqdim etdikləri ideyalarla və şeirlərlə zənginləşdirilmişdir.
Tədbirdə   çıxış edən digər  qonaqlar da  bildiriblər ki, 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun igidliklə apardığı, dünyanın hərb tarixinə düşən döyüşlərindən sonra Şuşa şəhərini düşməndən azad etməsi nəticəsində üçrəngli Azərbaycan bayrağı artıq bu füsunkar şəhərimizdə də il yarımdır ki, qürurla dalğalanır. Məhz Şuşa azad edildikdən sonra Ermənistan yeganə çıxış yolunun kapitulyasiya olduğunu, nəhayət, qəbul etmək məcburiyyətində qaldı. Müzəffər Azərbaycan Ordusu qarşı tərəfin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini – milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin rəmzi olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, Xarıbülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi.

Müsabiqədə qalib gələn şagirdlər mükafatlandırıldıqdan sonra xatirə fotoları çəkilib.



  • 24-05-2022, 20:34