AZ   |   RU
İlham Əliyev Ərdoğana zəng etdi



Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Missiya.Az xəbər verir ki, dövlət başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.

Dövlət başçısı, eyni zamanda, bu gün Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini də qeyd edib.

Prezident İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

Azərbaycan və Türkiyə Prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

  • 23-05-2022, 23:04