“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya daxil olmağa hazır olmaması ilə bağlı açıqlamaları onun prinsipial mövqeyi kimi yox, “diplomatik siqnal” kimi qiymətləndirilməlidir.”
Missiya.Az “rossaprimavera.ru”-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş müdafiə katibinin köməkçisi, “Yorktown” institutunun qurucusu və prezidenti Set Kropsi “The Hill” qazetinə müsahibəsində bildirib.
O bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı şərtlər irəli sürürsə, o zaman ABŞ da alyansın hərbi gəmiləri üçün Qara dənizə çıxış tələb etməlidir.
“ABŞ bəzi məsələlərdə Türkiyəyə güzəştə gedə bilər. Məsələn, ABŞ F-16 qırıcılarının tədarükünü təsdiqləyə və eyni zamanda, Türkiyəyə Rusiyadan S-400 zenit-raket komplekslərini aldığı üçün ona tətbiq edilən sanksiyaları ləğv edə bilər. ABŞ isə bunun müqabilində NATO donanmasının Qara dənizə girişi üçün Türkiyənin razılığını almalıdır. Bu Ukraynadan ixracla məşğul olan gəmilərin hərbi müşayiəti üçün vacibdir.”
Set Kropsi bildirib ki, Ərdoğan Suriya və Liviyanı sərbəst şəkildə əlində saxlamaqla, ABŞ və NATO-ya doğru strateji dönüş üçün bütün mümkün faydaları əldə etməyə ümid edir.