AZ   |   RU
"Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək" - Arzu Abdullayev

XIX yüzilliyin sonlarında kapitalizmin inkişafı nəticəsində müxtəlif sahələrdə baş verən dəyişikliklər Azərbaycanın mədəniyyətinə və xalqın mədəni inkişafına ciddi təsir göstərmişdir. XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər formalaşmağa başlanıldı ki, belə məktəblərin inkişafı və maariflənmə səyləri baxımından Qarabağ bölgəsi, nəinki Azərbaycanda, o cümlədən Cənubi Qafqazda da qabaqcıl mövqedə idi. Belə bir vaxtda Azərbaycanda maarifçi bir nəslin yetişməsində xüsusi rolu olan təhsil ocaqlarından biri də XIX əsrdə Şuşada yaranan Şuşa Real Məktəbi oldu. 1881-ci il sentyabrın 20-də Şuşada əsası qoyulan 6 sinifli real məktəbi qısa zamanda dövrünün nümunəvi maarif ocağına çevrildi. 

Bu təhsil ocağında Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Malikhaqnəzərov, Haşım bəy Vəzirov kimi o dövrün tanınmış maarifçi şəxsləri dərs deyirdi. Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi.

Şuşa Real Məktəbinin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi parlaq yetirmələri Azərbaycanın elmi, mədəni həyatında böyük xidmətləri olan məşhur şəxslər kimi tanınıblar. Şuşa Real məktəbinin yetirmələri arasında Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminlini kimi tanınmış Azərbaycan yazıçıları da yetişiblər.

Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 may 2022-ci il tarixli Sərəncamı mühüm tarixi hadisə olmaqla bərabər əvvəllər olduğu kimi yenidən Şuşa Real Məktəbini Cənubi Qafqazın böyük elm və təhsil ocağına çevirəcək.
 
Arzu Abdullayev
Tarix üzrə fəlsəfə doktoru

  • 23-05-2022, 11:48