Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma məktub ünvanlayıb.
Missiya.Az xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Əlahəzrət,
Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Xalqının lideri olan, bütün həyat və fəaliyyəti ilə ölkəsinə hədsiz sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan beynəlxalq aləmdə yüksək nüfuz sahibi idi. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində onun müstəsna xidmətləri olmuşdur.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Eyni zamanda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub ünvanlayıb. Mətndə deyilir:
"Əlahəzrət,
Qardaşınız – böyük şəxsiyyət, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan öz xalqının sevgisini və rəğbətini qazanmışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafında onun böyük xidmətləri olmuşdur. Onun parlaq xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"