AZ   |   RU
Müzəffər Komandan, qurucu lider, XOŞBƏXT ADAM – Qarabağın ağ günləri…

“2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır.”
  
                                                                                                                                                  İlham Əliyev
                                                                                                                                                  10 may, 2022-ci il

 
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edirik. Azərbaycanın hər yerində 99-un təntənəsi yaşanır. Ümumilli liderimizin ruhu şaddır. 30 ildir ağrı-acıdan sel olan göz yaşımız, bu dəfə sevinc duyğuları ilə yağışa çevrilib Şuşanın çölünə, düzünə, çəməninə rəng qatır. Demişdi ki, biz Şuşaya qayıdacağıq və qayıtdıq! Canlarını bu torpaqlar uğrunda qurban verənlərin də, Şuşanın, Qarabağın həsrəti ilə bu dünyadan köçən hər bir azərbaycanlının da ruhu şaddır. Qarabağ azaddır, Qarabağ dirçəlir!
 
Bu dövlətin sərkərdəsi, Qarabağın göydə uçan qartalına, öz kefinə gəzən mavrısına, ağacına, çiçəyinə də sığal çəkir. Dişimizlə, dırnağımızla işğaldan, düşmən tapdağından azad etdiyimiz Vətənimiz abadlaşır.
  
Bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, təməli xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrilib, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğura imza atıb. Məhz Heydər Əliyev yolunun aliliyi, müqəddəsliyi Qarabağın azadlığı ilə özünü bir daha təsdiqlədi. Bu uğurun ən böyük  sirri Heydər Əliyev yoluna and içmiş bir liderin, atasının arzularını həyata keçirmək üçün gecə-gündüz  mübarizə aparan bir oğulun öz andına sadiq çıxıb, hədəfə vurması idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanla bağlı arzuları da, hədəfləri də bitib tükənməz idi. Cənab Ali Baş Komandanın Qarabağa hər səfərində bütün dünya onun qətiyyətini, cəsarətini izlədiyi kimi, atılan hər bir addımın regionun inkişafına, insanlığa xidmət olduğunu daha yaxşı anlayır. 
 
Bu günlər azad Qarabağımızda geniş vüsət alan böyük quruculuq işlərinə şahidlik edirik. Möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz fəaliyyəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə yeni yollar salınır, körpülər tikilir, su elektrik stansiyaları istifadəyə verilir, Beynəlxalq Hava Limanlarının açılışı keçirilir, yeni yaşayış binalarının təməlləri qoyulur və saymaqla bitməyən nəhayətsiz, miqyası heç bir ölçüyə gəlməyən nəhəng layihələr gerçəkləşdirilir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi zəfərdən sonra azad edilmiş ərazilərə səfərləri, Qarabağın bərpası layihəsinin uğurla həyata keçirilməsi zəfər ovqatlı xalqımızın gələcəyə olan inamını daha da artırır.

Prezident İlham Əliyev tərəfindən çox qısa zaman ərzində gerçəkləşdirilən bu layihələr həqiqətən də müasir dünyada heç bir siyasətçinin, dövlət başçısının edə bilməyəcəyi nəhayətsiz işlərdir.
 
Bir sözlə, Azərbaycan tarixinin qızıl dövrünü yaşayırıq. Heydər Əliyev yolunun davamçısı – müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağ zəfəri kimi, Qarabağın dirçəldilməsi dövrünü də tariximizə qızıl hərflərlə yazır.  

Lamiyə Rövşənqızı
Missiya.Az



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.7. ( işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”) hazırlanmışdır.     

  • 12-05-2022, 11:49