Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi nəticəsində türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur. Türk dövlətləri siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular.
Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, bu gün onun adı türk toplumlarında da hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur. Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün önəmli hadisə idi. Çünki həmin dövrdə əlbir olan xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan dövlətinin məhv edilməsi postsovet məkanındakı digər türk respublikaları üçün də acınacaqlı nəticələr doğura bilərdi. Azərbaycan dövlətinin iflası həmin ölkələrin də böyük güclərin geosiyasi əsarətinə keçməsinə, yeni imperiya boyunduruğuna düşməsinə yol aça bilərdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu.
Məhz buna görə Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini qeyd etmişdi: “Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.
Bundan sonra Azərbaycanın dünyaya açılmasında, o cümlədən türk dövlətləri ilə münasibətlərdə real addımlar atıldı. Heydər Əliyev sonralar bu inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy Qaspralının məşhur kəlamı ilə belə ifadə etmişdi: “XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz «Dildə, fikirdə və əməldə birlik» şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır».
Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY Türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir. TÜRKSOY-un ardından Türk Şurası və TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır və ticarət və investisiya imkanlarının möhkəmlənməsinə köməklik edir.
Məlum olduğu kimi, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə cənab Prezident İlham Əliyevin ev sahibliyində imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk Diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir. Naxçıvanda keçirilən IX Zirvə toplantısında Prezident İlham Əliyev deyirdi: “...Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərlərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttilaqı zamanı da Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanm müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı...”.
Böyük Atatürk vaxtilə deyirdi ki, “Naxçıvan Türkün qapısıdır”. Bu gün öz inkişafı ilə Naxçıvan türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilib. Naxçıvan Türk dünyasına böyük dühalar bəxş edən bir diyardır. Türk dünyasının böyük oğlu, türkdilli xalqların birliyinin təmin olunmasında mühüm xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev, Memar Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, tanınmış rəssam Bəhruz Kəngərli kimi dahilərin vətənidir Naxçıvan. Bütün bunların nəticəsidir ki, Türk Şurası Gənc Liderlərinin ilk forumu da Naxçıvanda keçirilmişdir. Naxçıvanda keçirilən bu forum eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı, eləcə də idman sahəsində əməkdaşlığın qurulması üçün geniş imkanlar açmlşdır. Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. Forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: ““Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”.
Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial Lider kimi şöhrət qazanan İlham Əliyev hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə deyirdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”. Bu gün isə Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan tarixi hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir. Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib. Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib, Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsinin qurulmasına misilsiz töhfələr verib. Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü gerçəkləşdirib. Ölkəmizin tarixi Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb. Hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir. Zəngəzur dəhlizinin açılması bu bağlılığı daha da artıracaq, əməkdaşlığımıza yeni nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq. Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, türkdilli xalqlar arasında və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Məhz dövlətimizin başçısının diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxlaq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul edildi, ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər tərəfindən Ermənistanın işğalçılıq siyasəti pislənildi və Azərbaycanın haqq işinə dəstək verildi. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanda güclü iqtisadi potensial formalaşdırıldı, güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran müzəffər ordu yaradıldı. Dövlətimizin başçısının sərkərdəlik və diplomatik məharəti sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi, Azərbaycan Ordusu tarixi ərazilərilərimizi işğaldan azad edərək Zəfər qazandı.
Türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul olunması, BMT-nin qəbul etmiş olduğu qətnamələrdən irəli gələn məsələlərin Türk dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması kimi məsələləri də vurğulaya bilərik. Burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qeyd etmək lazımdır ki, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında ən tez zamanda həllinin vacibliyi bütün Zirvə toplantılarının qəbul etmiş olduğu qətnamələrində xüsusi olaraq vurğulanmışdır. Bunu Azərbaycanın uğuru olmaqla bərabər, eyni zamanda, türkdilli dövlətlər tərəfindən Azərbaycanın haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri bir töhfə və həmrəylik kimi qəbul edə bilərik.
Türk dövlətləri ilə əməkdaşlığı və ortaq dəyərlərin təbliği və yaşadılması ilə bağlı yeni yaradılan Türk Ağsaqqalları Birliyi Tarixdə Türk dünyasının gizli qalan, tanınan və tanınmayan, bilənən və ya bilinməyən yazarları, şairləri, musiqiçiləri, heykəltaraşları, rəssamları və teatrçıları önə çıxarmağa özünün məqsədi hesab edib ki, bu da türk dünyasına böyük xidmət göstərəcək. Belə önəmli bir missiya üçün yola çıxan Türk Ağsaqqalları Birliyi mədəniyyətə, elmə verdiyi töhfələri ilə yeni nəsillərə örnək olacaq və gənc nəsillərin elmi, şüurlu, həssas və sağlam insanlarlarla irəliləməsini həyata keçirəcəkdir.
Yekun olaraq qeyd etmək lazımdır ki, yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq gələcəkdə Türk dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verəcəkdir. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Arzu Abdullayev
Tarix üzrə fəlsəfə doktoru