“Prezident mayın 4-də Zəngilan rayonuna xüsusi nümayəndəsinin təyin edilməsi ilə bağlı çıxış edərkən bir daha işğaldan azad edilmiş rayonlarımızın bərpası, yenidən qurulması və gələcək inkişafı ilə bağlı mühüm məqamları vurğulayıb”.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov deyib ki, 30 il ərzində Zəngilan və digər rayonlarımız erməni işğalçılarının nəzarətində olduğu dövrdə bu rayonlarda nəinki heç bir inkişaf olmayıb, əksinə, erməni vandalları rayonlarımızı, kəndlərimizi yerlə yeksan edib, tarixi-dini abidələrimizi məhv ediblər: “İşğaldan azad olunmuş torpaqlarımızdan danışarkən Prezident də hər zaman ilk növbədə diqqəti erməni vandalizminə çəkib. Bu, Prezidentin məhv edilmiş rayonlarımıza duyduğu sevginin, ürək ağrısının göstəricisi olmaqla yanaşı, həm də onun müdrik siyasətidir. Çünki erməni vəhşiliyinin unudulmaması, bütün dünyaya göstərilməsi həm də ermənilərin eybəcər sifətinin bütün dünyaya çatdırılması üçün vacibdir. Həm də 30 il ərzində yol verilən vandalıq özü bütün dünyaya sübut edir ki, bu torpaqların Ermənistanla heç bir bağlılığı yoxdur. Başda Prezident olmaqla, hər bir Azərbaycan vətəndaşının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı arzusuna və əməyinə isə artıq il yarımdır ki, bütün dünya şahidlik edir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” ideologiyasına hər zaman sadiq qalan Prezident keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması üçün bütün qüvvəsi ilə çalışır. Bu baxımdan Zəngilan rayonu xüsusi əhəmiyyətə malikdir”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri qeyd edib ki, keçmiş məcburi köçkünlərin ilk qayıdacaqları rayon məhz Zəngilan rayonudur: “Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur. Həm Ağalı kəndinin və Zəngilanın, həm də ümumilikdə bərpa ediləcək bütün rayon və kəndlərimizin baş planları hazırlanıb.
Azad edilmiş torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında aparılır. Öz torpaqlarına geri qayıdacaq insanların orada rahat və rifah halında yaşa bilməsi üçün onların təhlükəsizliyi, məşğulluğu, ərzaq tələbatlarının ödənilməsi əvvəlcədən həll olunacaq. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Keçən il Azərbaycan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Zəngilan rayonunda “DOST Aqropark”ın təməlini qoyub. Dövlət başçısı çıxışında da vurğuladı ki, azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var və görüləcək əlavə tədbirlər nəticəsində ərzaq məhsullarının idxalından asılılıq böyük dərəcədə azalacaq”.
Ziyafət Əsgərovun sözlərinə görə, Zəngilan rayonunda həm də böyük infrastruktur layihələri icra edilir: “Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun inkişafı xüsusi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin artıq reallıq olduğunu bildirən cənab Prezident Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolunun Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini bir daha vurğuladı. Bu il Zəngilanda həmçinin Beynəlxalq Hava Limanı da istismara veriləcək.
Beləliklə də Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti və nəqliyyat infrastrukturunun inkişafı beynəlxalq yükdaşımaları üçün ölkəmiz qarşısında yeni imkanlar yaradacaq”.
Parlamentin komitə sədri qeyd edib ki, Prezident Ermənistan işğalı dövründə işğal altında olan torpaqların ekologiyasından danışarkən bir sıra Avropa ölkələrinin ikili yanaşmasını da ifşa etdi:
“Avropada ekologiyaya çox böyük diqqət göstərildiyi halda biz Zəngilanın ərazisindən keçən Oxçuçay çayının taleyini illərdir dilə gətirməyimizə baxmayaraq, heç bir tədbir görülməyib. Eləcə də ermənilərin törətdiyi digər ekoloji cinayətlər də cəzasız qalıb, meşələr qırılıb, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan və Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay təbiət qoruğu məhv edilib, ağaclar yandırılıb. Ermənilər Zəngilanda Vejnəli qızıl yatağını da vəhşicəsinə istismar edərək oranı da ekoloji fəlakət zonasına çevirib. Prezidentin qeyd etdiyi kimi, biz bu problemlərlə özümüz məşğul olacağıq. Ekoloji terrorun fəsadlarının aradan qaldırılması, vurulmuş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə və təşkilatlara müraciətlər ediləcək. Digər tərəfdən, artıq təbiətin bərpa olunması işlərinə də start verilib. Çünki təbiətin qorunması Prezident İlham Əliyevin fəaliyyətində həmişə ön planda olub. Zəngilanda ilk ağaclar da məhz Prezidentin özü tərəfindən əkilib, Bəsitçay təbiət qoruğunun bərpasına başlanılıb.
Təbiətin bərpası Zəngilan rayonunun böyük turizm potensialından istifadəyə də imkanlar yaradacaq. Prezidentin böyük əməyi, zəhməti, diqqəti nəticəsində bu quruculuq və bərpa işləri artıq öz nəticələrini göstərməyə başlayıb və bu işlərin ən son nəticəsi olaraq tezliklə həm Zəngilan rayonundan, həm də digər rayonlardan olan keçmiş məcburi köçkünlərimiz öz ata-baba torpaqlarına daimi qayıdacaqlar”.