AZ   |   RU
Putinin 1 il ərzində koronavirusdan qorunması üçün xərclənən rekord məbləğ - Yüzlərlə şəxs karantində saxlanılır

Koronavirus pandemiyası başlayandan bəri Rusiya prezidenti Vladimir Putinin virusdan qorunması üçün həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı araşdırma aparılıb. 

Missiya.Az
xəbər verir ki, araşdırma BBC-nin Rusiya bürosu tərəfindən həyata keçirilib. Ötən bir il ərzində Putinlə yaxın təmasda olmaq istəyən yüzlərlə şəxs karantinə alınıb. Bəzi şəxslər isə Putinlə görüşmək üçün özlərini təcrid etmək məcburiyyətində qalıblar. 

Rusiya Hava Yolları ötən il 26 mart tarixində Putin və bir neçə yüksək vəzifəli məmura xidmət edən 60 nəfəri Moskva yaxınlığında yerləşən oteldə karantinə aldı. Bir il ərzində Putini koronavirusdan qorumaq üçün yüzlərlə pilot, həkim, ziyarətçi, sürücü və digər şəxslər Rusiyanın onlarla otelində karantində saxlanılıb. 

BBC-nin Rusiya bürosu 1 il ərzində Putinin koronavirusdan qorunması üçün nə qədər vəsaitin xərcləndiyini də hesablayıb. Hesablamanın nəticəsinə görə, Rusiya Federasiyası Dövlət Başçısının Direktorluğu ofisi Vladimir Putini virusdan qorumaq üçün 84 milyon dollar pul xərcləyib. 

Eyni zamanda, 12 otelin Kreml tərəfindən karantin tədbirləri üçün istifadə edildiyi məlum olub. 

Karantin tədbirləri üçün istifadə olunan otellər Moskvada, Krımda, Putinin sevdiyi istirahət mərkəzlərindən biri olan Soçi şəhəri yaxınlığında yerləşir. Siyahıda özəl otel yoxdur. Otellərin hamısının Rusiya Federasiyası Dövlət Başçısının Direktorluğu ofisinə məxsus olduğu bildirilir. Həmin otellərdə 2022-ci ilə qədər rezerv edilən otaqlar var. Karantin tədbirləri üçün istifadə olunan otellərdə Rusiya Hava Yollarının əməkdaşları qalır. Həmin heyətin, Putinə, baş nazir Mixail Mişustinə və digər 8 nazirə xidmət etdiyi bildirilir. Əldə olunan məlumata görə, Putin ötən ilin böyük hissəsini Soçidəki evində yaşayıb.

Pandemiya ilə əlaqədar 9 may Qələbə Paradınıın vaxtı dəyişdirilərək, 24 iyunda keçirildi. “Bloomberg” saytının məlumatına görə, Qələbə Paradı keçirilməmişdən əvvəl, 80 və 90 yaşlarında veteranların da daxil olduğu 200 nəfər şəxs 2 həftə karantində saxlanılıb. Kremlin sözçüsü Dmitri Peskov Paraddan əvvəl bir qrup veteranın yaxşı şəraitdə karantində saxlanıldığını təsdiqləmişdi. Peskov bildirmişdi ki, bu tədbirlər onların sağlamlığının qorunması üçün həyata keçirilir. 

Paraddan əvvəl TASS və “RIA-Novosti” dövlət agentliklərinin təxminən 20 əməkdaşı da karantinə alınıb. Jurnalistlər ayrı-ayrı otaqlarda qalıblar, bir-biri ilə təmasda olmayıblar. Onlara siqaret və spirtili içkilərin istifadəsi qadağan edilib, çöldən gətirilən əşyalar dezinfeksiya olunub. Mətbuat işçiləri gündə 3 dəfə otel tərəfindən verilən qidalar qəbul ediblər. 

Ötən bir il ərzində Putinlə görüşmək istəyən yerli siyasətçilər də özlərini təcrid etmək məcburiyyətində qalıblar. 

Araşdırma nəticəsində məlum olub ki, Nijni Novgorod şəhərinin vəzifəli şəxslərinin Putinlə görüşü zamanı koronavirusa qarşı ciddi tədbirlər görülüb. Həmin tədbirlər zamanı virusun Vladimir Putinə yoluxmasının qarşısının alınması üçün 13 min dollar pul xərclənib. 

Hazırda Putinə Rusiya istehsalı peyvənd vurulduğu bildirilir. Amma ona vurulan peyvəndin adı açıqlanmır.

Elvin
Missiya.Az


  • 7-04-2021, 18:09