Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır.Missiya.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
"Millət vəkilinin diqqətinə bir daha qanunvericiliyi çatdıraraq bildiririk ki, əlilik müddətli və ya geridönməz hallarda (əzaların amputasiyası, sağalmaz xəstəliklər və s.) müddətsiz, yəni ömürlük təyin olunur.
Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir", - nazirlik rəsmisi qeyd edib.
O bildirib ki, əlillik müddəti bitdiyi halda həmin müddətin uzadılması üçün yenidən qiymətləndirmə aparılmalıdır:
"Bu məqsədlə yeni göndəriş daxil edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməlidir.
Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bir millət vəkilinin populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur".