AZ   |   RU
Şimali Kiprdə Novruz mərasimi keçirilib - FOTOLAR
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin (GAU) dəstəyi ilə GAU-da təntənəli Novruz bayramı mərasimi keçirilib. Əvvəlcə Novruz tonqalı yandırılıb, yumurta döyüşdürülüb və dəmir döyülüb.

Dostluq Cəmiyyətindən verilən məlumata görə, mərasimin açılışında çıxış edən AKDC-nin sədri Orxan Həsənoğlu türk xalqlarının ən qədim bayramı olan Novruz ənənələrinin milli dəyərlərimizin qorunmasına töhfəsindən danışıb.

Sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, GAU-nun qurucu rektoru Sərhat Akpınar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Törə, nəqliyyat və rabitə naziri Ərhan Arıklı, Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun sədri sədri Orhan Erdem və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Çıxışçılar Novruz bayramının əhəmiyyətindən danışıblar, vurğulanıb ki, dostluq, qardaşlıq, sülh və səmimiyyət rəmzi olan Novruz ümumbəşəri dəyərləri ilə hər zaman yaşayacaq və insanları sevindirəcək.

Novruz bayramı tədbiri musiqili-əyləncəli hissə ilə davam edib. Ankara Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimova zəngin ifaları ilə iştirakçıların bayram ovqatını daha da yüksəldib.

Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Türkiyə Respublikasının Lefkoşa səfiri Əli Murad Başçəri və digər görkəmli simalar iştirak ediblər.



  • 24-03-2022, 15:21