AZ   |   RU
Ermənilərlə düşüncə DƏHLİZİ yaradanlar - DƏLİKDƏ qalanların Zəngəzur DƏLİLİYİ

Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu, hakimiyyətə deyil, məhz dövlətə, dövlətin maraqlarına qarşı müxalifətdə olanları “Zəngəzur dəhlizi” mövzusunda spekulyativ söhbətlərə, çıxışlara həvəsləndirib. Məsələn, Əli Kərimli və ətrafındakılar iddia edirlər ki, guya Azərbaycanla İran arasında kommunikasiya imkanlarının genişləndirilməsini təmin edəcək sənəd, guya ermənilərin maraqlarına cavab verir və bu, “Zəngəzur dəhlizi” məsələsinə birdəfəlik son qoyulması deməkdir. Belə iddialar irəli sürmək, bu kimi qənaətlərə gəlmək üçün gərək adamın özünün düşüncə dəhlizində problemlər olsun.  

Deyirlər ki, İran ərazisindən Naxçıvana yol onsuz da var idi və imzalanmış yeni sənəd heç nəyi dəyişmir. Memorandumun mahiyyətindən belə xəbərləri yoxdur. Əgər bundan sonra İran ərazisindən keçməklə Naxçıvana getmək üçün cəmi 50-60 kilometrlik məsafə qət olunacaqsa, bu yenilik deyilmi? Bu vaxta qədər İran ərazisindən Naxçıvana yalnız avtomobillə hərəkət etmək mümkün idi. Sözügedən Memorandum isə İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında həm də dəmir yolunun çəkilməsini nəzərdə tutur. Bundan başqa, sözügedən sənəd əsasında rabitə və enerji təminatına dair infrastrukturun yaradılması da mümkün olacaq. Bütün bunlar yeni imkanlar, geostrateji müstəvidə əlavə üstünlüyümüz deyilmi? Yeniliyin buynuzu olur ki, ermənilərlə öz aralarında düşüncə dəhlizi yaradanlar belə sərsəm iddalarla çıxış edirlər? Söhbət həm də sərnişin avtomobillərinin hərəkətindən getmir. Məsələ onda da deyil ki, yeni dəhliz vasitəsilə Naxçıvana qısa yol qət etməklə çatacağıq. Məsələ ondadır ki, Azərbaycan regionda özünün logistik və kommunikativ potensialını daha da artıracaq. 

Yeni layihə Azərbaycana elektrik enerjisi ixracatçısı kimi də əlavə imkanlar yaradır.  Bu, Avropaya qədər uzanan əl deməkdir. Dövlətimiz İrandan keçməklə Naxçıvana, Türkiyəyə, daha böyük anlamda isə Avropa ölkələrinə elektrik enerjisi ixrac etmək fürsətinə sahiblənəcək. Bir sözlə, regionun logistik mənzərəsi dəyişir, Azərbaycan yeni komminikasiya xəritəsi yaradır. İndi soruşuruq, bunu “ermənilərin marağına cavab verən gəlişmə kimi təqdim etmək üçün kim olmaq və dövlətə hansı münasibəti bəsləmək lazımdır? Əminəm ki, hər birinizin nəzəri bir ünvana yönələcək... 

Yeni layihə Azərbaycanın tranzit ölkə kimi də cazibəsini artıracaq. Ukraynada gedən hərbi əməliyyatlara görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinə də problemlər yaradır. Belə bir şəraitdə isə yeni nəqliyyat xətlərinə tələbat daha da artır. Deməli, Azərbaycan Dövləti hazırkı gedişatı dəqiq dəyərləndirərək özünün siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. Bunu görməmək üçün ancaq kor olmaq lazımdır....

O ki, qaldı Zəngəzur dəhlizinə, bu marşrut da mütləq açılacaq. Özü də qeyd-şərtsiz. Azərbaycanın yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Memorandum imzalaması  həm də Zəngəzur dəhlizinin qeyd-şərtsiz açılmasını təmin etmək kimi hədəfə hesabalanıb. Ermənilər prosesi ona görə ləngitməyə çalışırlar ki, Azərbaycanı müəyyən güzəştlərə məcbur etsinlər. Lakin dövlətimiz manevr imkanlarının kifayət qədər geniş olduğunu nümayiş etdirməklə erməniləri şantaj imkanlarından da məhrum etmiş oldu. Bununla göstərdik ki, Zəngəzur dəhlizinin açılmaması əslində Ermənistanın inkişaf yoluna keçid almasının qarşısını alır. Bizim istədiyimiz yerlərə getmək üçün yol çəkmək imklanlarımız məhdud deyil. 
Və sonda. Zəngəzur dəhlizinin guya heç vaxt açılmayacağını deyən bədbəxtlər, yaxşı olar ki, erməni həmfikirlərinizə başa salasız ki, ay yetimlər, bu dəhliz sizin səadətiniz, çıxış yolunuzdur.  Nə vaxta qədər dəlikdə qalacaqsız? 

Hər halda aralarında düşüncə dəhlizi olanlar bir-birini yaxşı başa düşərlər.

Nicat DAĞLAR
Missiya.Az



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq (6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.  

  • 16-03-2022, 21:45