Azərbaycan ilə İran İslam Respublikası arasında İranın ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanmış
Anlaşma Memorandumu həm tarixi, həm iqtisadi, həm də regional əhəmiyyətə malik hadisədir.Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.
Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib Azərbaycan bu layihəni reallaşdırmaqla bölgədə söz sahibi, dəyişən geosiyasi reallıqlar fonunda liderlik təşəbbüsünü əldən verməyən dövlət olduğunu dünyaya bir daha bəyan edir.
Xüsusilə qeyd etmək lazımdır ki, rəsmi Bakının təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrasterktrunun inkişafına mühüm təsir göstərib. Biz Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri sırasında Bakı-Tiblisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorasiski, Bakı-Tiblisi-Ərzurum, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Cənubi Qafqaz Neft Kəməri, TANAP və TAP kimi enerji, Bakı-Tiblisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi nəqliyyat proyektlərini qeyd edə bilərik. Bu layihələrin hər birinə qlobal şirkətlər tərəfindən maraq böyükdür və milyardlarla vəsait xərclənib. Bu layihələrin reallaşdırılması Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha ortaya qoyur. Ermənistana göz dağıVətən Müharibəsindən sonra həm Ermənistanla Azərbaycan arasında kommunikasiya əlaqələrinin, həm də Ermənistanla İran və Rusiyanın Azərbaycan üzərindən nəqliyyat əlaqələrinin bərpası gündəmə gəldi. Azərbaycanın tarixi torpağı olan Zəngəzur vilayətindən keçməsi planlaşdırılan "Zəngəzur dəhlizi"nin açılması həm qlobal, həm də regional güclər tərəfindən dəstəklənir. Dəhlizin açılmasında əsas maraqlı dövlətlər sırasında Azərbaycan, Türkiyə, Rusiya, Çin və bir neçə Avropa dövlətinin adını çəkmək olar.
Təbii ki, dəhliz Ermənistan ərazisindən keçdiyi üçün prosesin sürətləndirilməsində, nəqliyyat layihəsinin tez reallaşdırılmasında ən maraqlı tərəf rəsmi İrəvan olmalı idi. Çünki 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi Ermənistanı bütün layihələrdən kənarda qoyub. Ermənistan İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğrasa da, ordusu darmadağın edilsə də, rəsmi İrəvan üçün "Zəngəzur dəhlizi" kimi qlobal layihədə iştirak şansı yaranmışdı.
Proseslər göstərir ki, Ermənistan bu şansını da itirdi və yenə də böyük nəqliyyat layihəsindən kənarda qaldı. Düzdür, "Zəngəzur dəhlizi" də Azərbaycan üçün böyük əhəmiyyətə malik idi. Bu səbəbdən rəsmi Bakı İrəvanla geniş müzakirə mühiti yaratmağa çalışdı və müharibədən sonra Ermənistanı sülh müqaviləsi imzalamağa, kommunikasiyaların bərpasına təşəbbüs göstərməyə çağırdı.
"Zəngəzur dəhlizi" ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlanıb, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı.
Beləcə rəsmi İrəvanın sözün həqiqi mənasında apardığı yarıtmaz siyasəti nəticəsində qlobal əhəmiyyətə malik layihənin reallaşması dalana dirəndi. Amma buna baxmayaraq, bütün dünyada etibarlı tərəfdaş kimi özünü təsdiqləyən Azərbaycan, təşəbbüskarı olduğu layihənin gündəmdən düşməsinə imkan vermədi və İran İslam Respublikası ilə nəqliyyat dəhlizinin yaradılması barədə razılaşma əldə etdi. Uduzan, böyük nəqliyyat dəhlizindən və külli miqdarda maddi gəlirdən kənarda qalan isə Ermənistan oldu. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, müharibədən sonra regionda gündəmə gələn "Zəngəzur dəhlizi" layihəsinin tikintisini uzatmaqla Azərbaycanı özündən asılı vəziyyətə sala biləcək. Sanki rəsmi İrəvan bu ikibaşlı siyasəti ilə Ermənistanın artıq regional güc, kilid ölkə olduğunu sübut etməyi planlaşdırırdı.
Azərbaycanın İranla "Zəngəzur dəhlizi"nə alternativ inşa edəcəyi nəqliyyat dəhlizi bir daha göstərdi ki, Ermənistanı idarə edənlər strateji düşünə bilmir və yalnız daxili auditoriyanın gözünü boyamaq üçün pafoslu çıxışlar etməyi bacarırlar. Nəqliyyat layihəsinin tikintisi çərçivəsində Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.İrəvan hələ xəyali bir layihə olan "Zəngəzur dəhlizi"ni təzyiq rıçaqı kimi istifadə etməklə bağlı planlar qurduğu bir zamanda Bakı tarixi diplomatik manevrləri ilə Ermənistan sərhəddindən 5 kilometrlik məsafədə alternativ dəhliz yaratmaqla qarşı tərəfə hansı siyasi güclə qarşı-qarşıya olduğunu bir daha sübut etdi.
Azərbaycan geosiyasi gərginliyi dioplomatik uğura çevirməyi bacardı Layihə tarixi və iqtisadi məqamları ilə yanaşı Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi kimi də xüsusi vurğulanmalıdır.
İranla əldə olunmuş razılaşmanın imzalandığı zamana diqqət yetirsək, Memorandumun uzunmüddətli hədəfləri və geosiyasi əhəmiyyətini aydınlaşdırmış olarıq.
Hazırda planetimiz İkinci Dünya Müharibəsindən sonra ən gərgin dövrünü yaşayır. Rusiya-Ukrayna müharibəsi fonunda dünyada həm iqtisadi, həm də siyasi gərginlik pik həddə çatıb. Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmentinin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir.
Təbii ki, Rusiyaya tətbiq olunan sankiyalar fonunda Çindən başlayan Orta Asiya - Xəzər Dənizi - Azərbaycan - İran -Türkiyə üzərindən Avropaya uzanan "orta dəhliz"in əhəmiyyəti daha da artır. Hazırda İranla yeni dəhliz inşa edən Azərbaycan "orta dəhliz"in mərkəzində yerləşən kilid ölkədir. Bu məqam Azərbaycanın əlavə siyasi güc və iqtisadi dividentlər əldə etməsi üçün böyük imkanlar yaradır.
Görünən odur ki, Azərbaycan Ermənistandan fərqli olaraq, dünyada baş verən geosiyasi prosesləri çevik şəkildə təhlil edir, düzgün nəticələr çıxarır və yaranan iqtisadi dividentləri diplomatik uğura çevirməyi bacarır.Elvin MəmmədovMissiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.