Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Feliks Plasensiya Qonsales ilə görüşüb.
Missiya.Az xəbər verir ki, XİN-dən verilən məlumata görə, nazirlər ölkələr arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, habelə Qoşulmama Hərəkatı daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və bu xüsusda, iqtisadi, ticarət və investisiya qoyuluşu, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.