AZ   |   RU
TAİB nümayəndələri Girnə Amerikan Universitetində oldular - Rektorla görüş (Fotolar)
Kıbrısda Girnə Amerikan Universitetinin rektoru, millət vəkili Sərhəd Akpınarla
Türk Ağsaqqalları Birliyi - TAİB-in nümayəndə heyəti arasında görüş keçirilib. 


Missiya.Az xəbər verir ki, görüş TAİB nümayəndə heyətinin Kıbrıs səfəri çərçivəsində baş tutub. 

Görüşdə Türk Ağsaqqalları Birliyinin - TAİB Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev, millət vəkilləri Anar İskəndərov, Elşad Mirbəşiroğlu, Ramil Həsən, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini Başar Kömür, TAİB-in icra aparatının təmsilçiləri Nicat Dağlar və Elnur Eltürk iştirak edib. 


Görüşdə Azərbaycanın nümayəndə heyətinin üzvləri Universitet rəhbərliyinə Xocalı soyqırımı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, dövlətimizin Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq məhkəmələrdə erməni cinayətlərinin sübuta yetirilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verilib. 

Qeyd olunub ki, Girnə Amerikan Universitetinin əlaqələri də Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynaya bilər.


Girnə Amerikan Universitetinin rektoru, millət vəkili Sərhəd Akpınar isə öz növbəsində təhsil ocağında oxuyan  azərbaycanlı tələbələr barədə danışıb və ölkəmizin Vətən Müharibəsindəki qələbəsindən söhbət açıb. 

Rektor bildirib ki, Girnə Amerikan Universiteti Azərbaycanın Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarının övladlarına pulsuz təhsil verməyə hazırdır.
 

Türk Ağsaqqalları Birliyinin icra aparatının rəhbəri Nicat Dağlar isə rektora TAİB-in təsisçisi Ramin Əhmədovun salamlarını çatdırıb, Türk Ağsaqqalları Birliyinin gördüyü işlər, fəaliyyəti barədə ümumi məlumat verib.

Həmçinin Azərbaycan parlamentinin deputatları Kıbrısda göstərilən qonaqpərvərliyə, səmimi qarşılanmaya görə öz təşəkkürlərini bildiriblər.








  • 27-02-2022, 14:44