AZ   |   RU
Kiprdə Xocalı soyqırımı ilə bağlı izdihamlı konfrans - FOTOLAR
Fevralın 26-da Şimali Kipr Türk Cümhuriyyətində Xocalı soyqırımının 30-cu ldönümünə həsr olunmuş konfrans keçirilib.

Azərbaycan Kipr Dostluq Cəmiyyətinin, Türk Ağsaqqalları Birliyinin və Diaspora Dəstək Fondunun təşkilatçılığı ilə Girnə Amerikan  Universitetinin konfrans zalında düzənlənən tədbirdə Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar, hökumət və parlament təmsilçiləri, Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri Sudeyif İmamverdiyev, Azərbaycan Parlamentinin deputatları Anar İskəndərov, Elşad Mirbəşiroğlu, Ramil Həsən, TAİB-in İcra Aparatının təmsilçiləri - Nicat Dağlar, Elnur Eltürk, yerli ali təhsil ocaqlarının rəhbərləri və müəllim heyəti, Kiprdə təhsil alan tələbələr, eləcə də vətəndaş cəmiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Konfransda əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirakçıları salamlayaraq Xocalı soyqırımının bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb.

Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyev geniş nitqində erməni silahlı birləşmələri və terror qruplaşmalarının Azərbaycanda törətdiyi vəhşiliklərə diqqət yönəldərək qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə ilə  bütün şəhidlərimizin intiqamı alınıb.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar da çıxış edərək əvvəlcə Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərini salamlayaraq özündən əvvəl tribunada olan Türk Ağsaqqalları Birliyinin başqanı Sudeyif İmamverdiyevin çıxışını böyük maraqla dinlədiyini qeyd edərək Xoçalı soyqırımının türk dünyasının ümumi faciəsi olduğunu deyib. Ersin Tatar Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi qələbəyə görə böyük fəxarət hissi keçirdiklərini də vurğulayıb.

Daha sonra konfrans iştirakçıları Azərbaycan nümayəndə heyətinin üzvləri, millət vəkilləri Anar İskəndərov, Elşad Mirbəşiroğlu, Ramil Həsən, Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Hasan Taçoy və Girnə Amerikan Universitetinin baş katibi Sadık Akyarın Xocalı soyqırımı, ermənilərin müxtəlif dövrlərdə törətdiyi vandallıq aksiyaları və bu cinayətlərin beynəlxalq müstəvidə hüquqi qiymət alması üçün birgə fəaliyyətin xüsusi əhəmiyyətindən bəhs edən çıxışlarını dinləyiblər. Azərbaycan millət vəkillərinin çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Millət vəkili Ramil Həsən bildirib ki, Vətən Müharibəsində Xocalı soyqırımının qisası alınıb. 

"Azərbaycan ordusu 44 gün ərzində tarix yazdı və 30 illik işğala son qoydu. Təbii ki, qələbəmizin kökündə Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi dayanır".

Ramil Həsən Türkiyə-Azərbaycan mübasibətlərinin davamlı inkişafından da danışıb.
 
Türk dövlətləri arasında inteqrasiyanın sürətlənməsinin əhəmiyyətindən danışan Ramil Həsən bildirib ki, Türk Dövlətləri Təşkilatı əlaqələrin möhkəmlənməsində mühüm rola malikdir və bu kimi tədbirlər əlaqələrin gələcək inkişafına böyük töhfə verir.

"Qloballaşan dünyada türk dövlətləri arasında inteqrasiyanın güclənməsinin böyük əhəmiyyəti var. Azərbaycan və Türkiyə türkdilli xalqların bir-birinə inteqrasiyasının gücləndirilməsi istiqamətində böyük addımlar atır. Bu prosesdə Türk Dövlətləri Təşkilatının rolu xüsusi vurğulanmalıdır. Ümid edirəm ki, görülən işlər sayəsində eyni etnik kökə və mədəniyyətə malik türk xalqları bir-biri ilə daha yaxın əlaqələr quracaq".

Millət vəkili Ramil Həsən fevralın 26-da Türkiyənin aparıcı telekanallarının canlı yayımına da çıxaraq Xocalı soyqarımından və ermənilərin törətdiyi vəhşilik nümunələrindən danışıb.

Tədbirdə çıxış edən millət vəkili Elşad Mirbəşiroğlu ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyin dünya xalqlarının diqqətinə çatdırılması yönündə Axərbaycanın apardığı məqsədyönlü işlərdən danışıb:


"Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb. Dövlətimiz bir an belə hədəfdən yayınmayıb. Biz bu gün aparılan əməli işin nəticəsini görürük. Dünyanın bir çox ölkələri Xocalı faciəsini soyqırımı kimi tanıyır və erməni vəhşiliyini pisləyir".

Millət vəkili bildirib ki, 
Xocalı soyqırımı ilə bağlı bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.

Millət vəkili, tarixçi alim Anar İskəndərov isə ermənilərin tarix boyu azərbaycanlılara və türklərə qarşı törətdiyi vəhşiliklərə toxunub:

"Təbii ki, Ermənistanla Azərbaycan arasında müxtəlif istiqamətlərdə əlaqələr qurula bilər. Amma biz heç vaxt onları azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri, terror aktlarını unutmamalıyıq. Xocalı soyqırımını unutdurmamalıyıq". 

Türkiyə və Azərbaycan xalqlarının bir-birlərinə ən çətin zamanlarda dəstək olduğunu deyən Anar İskəndərov bildirib ki, Qafqaz İslam Ordusu Bakını bolşevik işğalından azad edilməsi üçün böyük fədakarlıq göstərib:

"Həmin dövrdə qəhrəman türk əsgəri azərbaycanlıların dadına çatdı və Bakını düşmən işğalından xilas etdi. Təbii ki, Qafqaz İslam Ordusunun Bakını azad etməsi ermənilərin azərbaycanlılara qarşı planlaşdırdığı təxribatların qarşısının alınmasında böyük rol oynadı. Azərbaycanlılar da heç vaxt öz qardaşlarını tək buraxmayıblar. Çanaqqala döyüşündə azərbaycanlıların türklərin köməyinə getməsi xüsusi vurğulanmalıdır. Azərbaycanlılar həmin döyüşlərdə mərdliklə, qəhrəmancasına döyüşüblər".

Çıxışların ardınca konfransda panel müzakirələrə keçid alınıb. Panelin moderatoru, Türk Ağsaqqalları Birliyinin İcra Aparatının rəhbəri Nicat Dağlar əvvəlcə TAİB-in təsisçisi Ramin Əhmədovun konfrans iştirakçılarına salamlarını çatdırıb. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışan Nicat Dağlar bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyasının xüsusui rola malik olduğunu qeyd edib. Azərbaycan Parlamentinin təmsilçiləri erməni vəhşiliklərinə beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməsi yönündə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs ediblər. Millət vəkilləri iştirakçıların mövzu ilə bağlı bir sıra suallarını da cavablandırıblar.

Konfransın sonunda Girnə Amerikan Universitetinin rektoru, millət vəkili Sərhəd Akpınara, Universitetin baş katibi Sadık Akyara və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğluna Türk Ağsaqqalları Birliyi – TAİB-in xüsusi plaketləri təqdim olunub. Girnə Amerikan Universitetinin rektoru Sərhəd Akpınar isə öz növbəsində rəhbərlik etdiyi ali təhsil ocağının xatirə hədiyyələrini TAİB nümayəndələrinə təqdim edib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri davam edir. Nümayəndə heyətinin üzvləri qarşıdakı günlərdə bir sıra görüşlər keçirəcəklər.


















  • 27-02-2022, 13:07