AZ   |   RU
Moskva Kiyevi böyük müharibəyə təhrik edir? – Putinin hücum planı və Qərbin diplomatik həll axtarışı

Son günlər Donbasda Rusiyanın dəstəklədiyi seperatçılarla Ukrayna hərbçiləri arasında ara-sıra kiçik silahlı toqquşmalar müşahidə olunur. Qondarma Donbas və Luqansk Xalq Respublikaları ərazisində fəaliyyət göstərən silahlı dəstələr Ukrayna ordusuna qarşı təxribatlar həyata keçirir. Hələ ki, Rusiya və Ukrayna orduları birbaşa döyüşə daxil olmayıb. Buna baxmayaraq, Rusiya tərəfi Donbasdakı əhalini təxliyə etmək qərarına gəlib. Məlumata görə, Rusiya Donbasdan bu vaxtda qədər 53 min insanı təxliyə edib.

Moskva Kiyevi ilk atəşi açmağa təhrik edir? 

Rusiya bölgədə yaşayan əhalini çıxarmaqla böyük müharibənin yaxınlaşdığı ilə bağlı proqnozların həqiqət olacağına dair ehtimalları gücləndirir. Proseslər göstərir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etmək planını işə salmaq üzrədir. Kremlin müharibə planı artıq Putinin masasının üzərindədir. Ancaq bu planı icra etmək üçün Putinin əmri lazımdır. Görünən odur ki, Kremlin dəstəklədiyi separatçılar Donbas bölgəsində kiçik təxribatlar törətməklə Kiyevin səbrini daraltmağa, ilk atəş açmasına zəmin yaratmağa çalışırlar. 

Sanki Kreml elə təsəvvür yaratmağa çalışır ki, Ukrayna Donbasa hərbi müdaxilə etmək istəyir və Moskva Kiyevin bu hərbi niyyətlərinin qarşısını almaq üçün adekvat tədbirlər görməyə məcburdur. 

Ancaq Ukrayna tərəfi Kremlin istədiyi bəhanəni ona vermək istəmir və ehtiyyatlı davranır. Kiyev anlayır ki, kiçik bir səhvi  Ukrayna üçün böyük fəlakətlə nəticələnə bilər. 

Çox ehtimal ki, Moskva bundan sonra da Kiyevi qıcıqlandırıb atəş açmağa vadar edəcək. 

Qərb dövlətləri Rusiyanın Ukraynanı işğal planının qarşısını necə ala bilər? 

ABŞ və Avropa dövlətləri Rusiyanı Ukraynaya hücum edəcəyi təqdirdə Moskvanı ağır sanksiyalarla hədələyir. Qərb liderləri hər dəfə çıxışlarında bunu açıq dilə gətirir. Kremlin bu sanksiyaları nəzərə alıb Ukraynaya hücum fikrindən daşınıb-daşınmayacağını qarşıdakı günlərdə görəcəyik. 

Qərb dövlətləri diplomatik yollarla Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısını ala biləcəkmi? 

Avropa dövlətləri qitənin sərhədlərində alovlanan müharibə təhlükəsindən çox narahatdır və hərbi münaqişənin qarşısını almaq üçün diplomatik yollar axtarır. 

Rusiya-Ukrayna müharibəsinin baş verməməsi üçün ən fəal iş aparanlardan biri də Fransa prezidenti Emmanuel Makrondur. Makron Avropanın təhlükəsizliyi mövzusunda ABŞ və Rusiya dövlət başçıları arasında görüş keçirməyi təklif edib. Hər iki lider Makronun təklifini qəbul edib. Görüşün fevralın 24-də baş tutacağı bildirilir. Buna baxmayaraq Qərb siyasətçiləri Rusiyanın Ukraynaya hücum edəcəyinə əmin olduqlarını bəyan edirlər.

Çox ehtimal ki, Rusiya və ABŞ prezidentlərinin 24 fevralda keçirilməsi planlaşdırılan görüşünə qədər Kreml Ukraynaya hərbi müdaxilə planını təxirə salacaq. Çünki Kreml nümayəndələri də Ukrayna böhranında dialoqun tərəfdarı olduqlarını vurğulayırlar.

Daşqın Həsənov
Missiya.Az
 

  • 21-02-2022, 17:16