AZ   |   RU
YAP-da müşavirə keçirilib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında müşavirə keçirilib.

Missiya.Az
xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, sözügedən şöbənin məsul əməkdaşlarının, habelə YAP Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, mətbu orqanlarının, Mərkəzi Aparatının rəhbər şəxslərinin və yerli təşkilat sədrlərinin iştirakı ilə keçirilən tədbirdə partiyada aparılmış islahatlardan sonra qarşıda duran strateji vəzifələr geniş müzakirə olunub.

Ölkə ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi, ictimai-siyasi sahədə də aparılan islahatların şahididir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən bu islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşmdırılmasına xidmət edir. Qeyd olunan müşavirə ölkədə aparılan islahatların effektivliyinin təmin olunmasında YAP-ın üzərinə düşən vəzifələrin təhlilinə həsr olunmuşdur.

Müşavirədə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırmış, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz yeni bir tarixi mərhələyə qədəm qoyub: “Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük strateq, Müzəffər Ali Baş Komandan və parlaq diplomat kimi bütün keyfiyyətlərini bariz şəkildə nümayiş etdirib. Şanlı Qələbəmizin qazanılmasında ölkəmizdə milli birliyin, vətəndaş həmrəylinin təmin olunması əsas amillərdən biridir. Bu səbəbdəndir ki, müharibə dövründə Azərbaycan xalqı, cəmiyyəti, o cümlədən siyasi partiyaların mütləq əksəriyyəti Prezidentin ətrafında sıx birləşərək şanlı qələbəmizin qazanılmasına nail olub. Bütövlükdə, Azərbaycanda yeni siyasi konfiqurasiya yaradılıb ki, bu amil ictimai-siyasi mühitdə sağlam münasibətlərin formalaşması ilə özünü ifadə edir”.

YAP Sədrinin müavini ötən ilin mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edərək diqqətə çatdırıb ki, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, partiyamızın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir.

Hazırda Azərbaycanın inkişafının yeni mərhələsinin başlandığını, qarşıda böyük vəzifələrin dayandığını deyən Tahir Budaqov söyləyib ki, Yeni Azərbaycan Partiyası bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında və siyasi münasibətlərinin demokratikləşməsi proseslərində aparıcı rolunu qorumalı və daha fəal mövqe tutmalıdır. Bu baxımdan, partiyamızın yeni Nizamnaməsi və Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tədbir iştirakçılarını salamlayaraq öz giriş nitqini sahənin əsas strateji prioritetlərini müəyyən edən Prezident İlham Əliyevin sözləri ilə başlayıb: “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. bu kimi strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”.

Prezident İlham Əliyevin sözlərini şərh edərək Prezident Administrasiyasının rəsmisi bildirib ki: “Cənab Prezidentin bu fikirləri əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına bir çağırışdır. Bu cür yanaşma, eyni zamanda, konstruktiv əməkdaşlığa dəvətdir. Siyasi proseslərin subyektləri arasında daha təkmil və daha universal münasibətlər məhz sağlam və konstruktiv əməkdaşlığın nəticəsində formalaşa bilər. Bu mənada, partiyanın yerli təşkilatlarının səmərəli fəaliyyəti sayəsində siyasi dialoqla bağlı olan bütün təşəbbüslər bölgələrdə öz inkişafını tapmalıdır”.

Daha sonra hər bir ölkənin strateji resursu hesab olunan siyasi sabitliyin qorunması zərurətindən söhbət açan Ədalət Vəliyev dayanıqlı inkişafın təmin olunması prosesində ölkədə yaranmış həmrəylik mühitinin inkişafına xidmət edən Prezident İlham Əliyevin önəmli təşəbbüsləri və əldə olunmuş nəticələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ötən ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII Qurultayını xatırladan Prezident Administrasiyanın şöbə müdiri bildirib ki, sözügedən Qurultay partiyanın inkişaf tarixinin mahiyyət etibarı ilə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Belə ki, Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayan Ədalət Vəliyev bildirib ki, peşəkarlıq, çeviklik, sadəlik, vətənpərvərlik və milli dəyərlərə sadiqlik hər bir partiya üzvünü səciyyələndirən əsas keyfiyyətlər olmalıdır.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini kimi fəaliyyəti də ölkəmizin və partiyamızın daha da güclənməsinə xidmət edəcək: “Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həll edilməsi, zəngin mədəniyyətimizin, multikulturalizm ənənələrimizin təbliğ olunması, müxtəlif istiqamətlərdə yeni layihələrin reallaşdırılması ilə bağlı önəmli addımlar atır. Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva bütün varlığı və əzmkar fəaliyyəti ilə dövlətçiliyimizin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir”.

YAP-ın ideoloji fəaliyyəti və bu fəaliyyətin strateji istiqamətlərindən söz açan Ədalət Vəliyev qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər durmalıdır. “İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu. Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır” – kimi fikri səsləndirmiş Administrasiyanın rəsmisi xüsusi olaraq vurğulamışdır ki, “Azərbaycan xalqının tarixinə yazılmış bu Böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır”.
Eyni zamanda vurğulanmışdır ki, partiyanın yerli təşkilatları tərəfindən qazi və şəhid ailələrinə xüsusi diqqət ayrılmalı və dövlətin mövcud istiqamətdə görülən işlərdə partiya üzvləri yaxından iştirak etməlidir. Qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti xüsusi olaraq qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: “Xalqın birinci xidmətçisi mənəm“ sözlərini xatırladan Administrasiyanın şöbə müdiri bildirib ki, YAP-ın yerli təşkilatları cəmiyyətə açıq olmalı, onların rəhbərləri isə bölgələrdə öz ictimai-siyasi fəallığı ilə vətəndaşların rəğbətini qazanmalıdırlar. Bu mənada təyin olunmuş yerli təşkilatların sədrləri müasir siyasi proseslərin bütün xüsusiyyətlərini nəzərə alaraq, öz açıq və demokratik yanaşmaları ilə yanaşı, mütləq olaraq fəaliyyətlərində ictimaiyyətlə əlaqələr məsələlərinə də xüsusi diqqət ayırmalıdırlar.
Müşavirədə qarşıda dayanan vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

  • 19-02-2022, 19:57