Fevralın 13-də prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva növbəti dəfə Ağdam şəhərinə səfər etdilər. Ağdamın gələcəyi, inkişafı, yenidən canlanması üçün olduqca əhəmiyyətli və genişmiqyaslı lahiyələrin təməli qoyuldu. Diqqət edək dövlətimizin başçısı və birinci xanım “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin “Ağdam 1” və “Ağdam 2” elektrik yarımstansiyalarının Qarabağ Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdilər. Dövlət başçısı Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin eləcə də “Park Forest Hotel Ağdam” mehmanxanasının 209 mənzildən ibarət yeni yaşayış kompleksinin və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoydu.Daha sonra dövlətimizin başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə Məscidində bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Qərargahında yaradılan şəraitlə tanış olublar. Prezident və birinci xanım Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksinə də baş çəkiblər. Bu səfəri çox böyük maraqla izlədim.
Ölkə gündəminin belinə minmiş akademik qarşıdurmaların zəhlə tökdüyü bir ərəfədə belə ürəkaçan təməlqoyma mərasimləri Qarabağın inkişafını təmin edəcək lahiyələrin icrası barədə xəbərlər hazırlayıb yayımlamaq əlbəttə ki, daha zövqvericidir. Gələcəyi quranların atdığı hər bir təməl daşı keçmişdə qalanların çürümüş təfəkkül sahiblərinin başından belə daha qiymətlidir mənim üçün. Sözsüz ki, açılışı olan və təməli qoyulan lahiyələr təkcə Ağdamın deyil, bütövlükdə Qarabağ bölgəsinin gələcək inkişafında böyük rol oynayacaq və bu lahiyələr dövlətimizin böyük məbləğdə vəsaitləri hesabına başa gəlir.Əslində Prezident İlham Əliyev yeni bir şəhər salır, yəni yeni bir Ağdam yaradır. Ermənilər əvvəl ki Ağdamdan əsər-əlamət qoymayıblar. Daş-daş dam-dam dağıdıblar. Odur ki, indi təməli atılan bütün lahiyələr məhs yeni bir şəhərin ərsəyə gətirilməsi üçündür. Özü də həyata keçirilən bütün lahiyələr ən müasir standartlara cavab verib. Təsəvvür edin ki, Ağcəbədidən Xındırıstana, oradan da “Ağdam 1” və “Ağdam 2” yarım stansiyalarına qədər ümumilikdə 63 km məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiber-optik kabel çəkilib. Bununla Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyəti olan sürətli internet xətti çəkilib.
Ümumiyyətlə Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsi ilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyaların, ötürmə xətlərinin manitorinqi aparılıb, önləyici analizlər açılıb, qoşulmalar, təmzimləmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərində qurulan yeni sistem vasitəsi ilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemini əhatə etmək mümkün olacaq. Əlbəttə ki, görülən bütün işlər həyata keçirilən bütün lahiyələr dövlətimizin iqtisadi potensialından qaynaqlanır və hər bir lahiyə proqram mahiyətlidir. Şübhəsiz işğaldan azad olunmuş bütün rayonlarımızda həyata keçiriləcək. Proses artıq başlayıb və getdikcə daha sürətli xarakter almaqdadır. Cəmi bir neçə ildən sonra Qarabağa həyat qayıdacaq. Məncə hamımızın arzusudur. Bu “Qarabağ işğaldan azad olunsun. Gedib quru torpağın da üstündə yatarıq” deyən azərbaycanlılar üçün gözoxşayan şəhərlərin kəndlərin salınmasından böyük bəxtəvərlik ola bilərmi? Ola bilməz. Demək ki, səbr ilə, təmkin ilə dövlətə dəstəyimizi nümayiş etdirməklə Qarabağa qayıdışımıza hazırlaşmalıyıq. Dövlət quru torpağın üstündə yatmaq arzusu olanlara ev tikir. Ev yıxanların yanında deyil, ev tikənlərin yanında olaq.
Nicat Dağlar
Missiya TV/Missiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.11. (regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi) hazırlanmışdır.