Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra dəfələrlə həmin ərazilərdə erməni əhali üçün yardım kampaniyaları keçirilib, ərzaq və su daşınıb, bayramlarda uşaqlara müxtəlif hədiyyələr paylanıb. Amma bu sadalanan əməllər onların missiyasına daxil deyil. Digər tərəfdən, 9 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin icra olunmaması Rusiyanın bəd niyyətlərinin olduğundan xəbər verir. Həmin bənddə qeyd olunub ki, Rusiya sülhməramlılarının Qarabağa daxil olmasına paralel olaraq, erməni silahlı birləşmələri bölgəni tərk etməlidir. Amma müharibənin üzərindən 1 ildən çox vaxt keçsə də, silahlı birləşmələr hələ də bölgədə qalmaqdadır. Proseslərdən aydın olur ki, Rusiya sülhməramlıları sanki Qarabağda daim qalacaqmış kimi hərəkət edirlər və torpaqlarımızda Azərbaycanın maraqlarına zidd planlar qururlar. Belə planlardan biri də orada yaşayan erməni əhaliyə Rusiya pasportlarının paylanılması ilə bağlı ola bilər.
Rəsmi Moskva bir neçə dəfə dolayı yollarla belə “pasport siyasəti” həyata keçirib. Məsələn, bu planı tətbiq etdiyi yerlərin sırasında Rusiyanın dəstəyi ilə separatçıların işğal etdiyi Ukraynanın Donbas vilayətinin adını çəkə bilərik.
Moskva qeyd edilən bölgədə yerli əhaliyə Rusiya pasportları paylayıb. Bu məlumat Rusiya prezidentinin sözçüsü Dmitri Peskov tərəfindən də təsdiqlənib.
Peskov jurnalistlərə açıqlamasında deyib ki, Donbasda əhaliyə Rusiya pasportlarının paylanılması Minsk razılaşmasını pozmur və Moskva bunu humanitar məqsədlər üçün edir. Rusiya rəsmisinin sözlərinə görə, həmin ərazidə sosial durum ağırdır və pasportların paylanılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir.
Peskovun sözlərindən belə anlaşılır ki, Rusiya sosial vəziyyəti ağır olan bütün bölgələrdə öz ölkəsinin pasportunu paylayıb, humanitar aksiyalar keçirməklə qonşu dövlətlərin ərazilərini mənimsəyə bilər.
Hazırda Qarabağda da azsaylı erməni kəsiminin sosial vəziyyəti acınacaqlıdır və əhali səfalət içində yaşayır. Bu səbəbdən Rusiya sülhməramlıları Qarabağın ermənilər yaşayan bölgələrində sosial vəziyyəti yaxşılaşdırmaq adı altında qanunsuz fəaliyyətlərlə məşğul olurlar. Əsas məqsəd isə sosial çətinliklər içində yaşayan erməni əhalinin bölgəni tərk etməsinin qarşısını almaqdır. Ola bilsin ki, Rusiya Qarabağda da “pasport siyasəti” həyata keçirməyə cəhd göstərsin. Rusiya anlamalıdır ki, Donbasdan fərqli olaraq, Qarabağı işğal etməyib, bölgəyə Azərbaycanın razılığı ilə müvəqqəti yerləşdirilib. Ona görə də Azərbaycanın Müdafiə Nazirliyi də hər açıqlamasında Rusiya sülhməramlılarının Qarabağa müvəqqəti yerləşdirildiyini xüsusi vurğulayır.
Moskvanın məkirli siyasəti qarşısında biz ayıqlığımızı itirməməliyik. İmkan vermək olmaz ki, Moskvanı Qarabağda “Donbas ssenari”sini həyata keçirməyə cəhd etsin. Əgər Rusiya bölgədə öz niyyətlərini həyata keçirərsə, Qarabağın sülhməramlılar yerləşən ərazilərinə azərbaycanlıların köçürülməsi çətinləşəcək.
Amma Dövlətimizin bugünkü güclü mövqelərinə əsaslanaraq deyə bilərik ki, Rusiyanın hansı planlar qurmasından asılı olmayaraq, Azərbaycan Qarabağın sülhməramlılar yerləşən ərazilərinə əhalinin köçürülməsinə, erməni əhalinin dövlətimizin qanunlarına tabe olmasına nail olacaq.
Necə ki, 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdiksə, eləcə də Rusiyanın planlarını pozub sülhməramlıların bölgədə daha uzun müddət qalmasına mane ola biləcəyik. Buna Azərbaycanın həm siyasi, həm hərbi, həm də iqtisadi gücü çatır. Daşqın Həsənov
Missiya.Az