Bu gün Bakının Nizami rayonundakı Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı məktəbdə 44 günlük Vətən Müharibəsində qazandığımız qələbəyə həsr olunmuş “Bizim Böyük Qələbəmiz” adlı kitabın təqdimat və tanıtım mərasimi keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə hazırladığı “Bizim böyük Qələbəmiz” adlı kitab aşağı sinif şagirdləri üçün nəzərdə tutulub.
Nizami rayon İcra Hakimiyyəti, 229 saylı məktəb və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tanıtım tədbirində Bakı şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmin İmanov, Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, İcra Hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rüstəm Bayramov, habelə Nizami RİH-nin məsul şəxsləri, YAP Nizami rayon aparatının nümayəndələri, Birinci və İkinci Qarabağ Mühsribəsinin, eləcə də Aprel döyüşlərinin qazisi, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Etibar Camalov, Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun qızı Regina Kovalyova, Nizami rayonunda əsas sosial layihələrin təşkilatçısı olan Missiya Media Qrupun baş redaktoru Nicat Dağlar, habelə müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdən öncə qonaqlar məktəbin həyətində Missiya Media Qrupunun təşəbbüsü ilə ərsəyə gətirilmiş, məktəbin məzunu milli qəhrəman Yuri Kovalyovun büstü və Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin üzərinə gül dəstələri qoyaraq onların ruhuna ehtiram nümayiş etdiriblər.
Məktəb şagirdlərinin müəlliflik etdiyi rəsm və əl ilərindən ibarət sərgiyə baxış keçiriləndən sonra tədbir məktəbin akt zalında davam etdirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tanıtım tədbirində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vüsalə Məmmədova qonaqları təqdim etdikdən sonra sözü məktbin tarix müəllimi Nərgiz Məmmədovaya verib. Pedaqoq sözügedən kitabın azyaşlı məktəblilər üçün əhəmiyyətindən danışaraq 44 günlük Vətən Müharibəsinin xalqımızın tarixi qələbəsi kimi əbədi olaraq yaddaşlara həkk olunmasından, bu tarixin gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açıb.
Daha sonra məktəblilər Qələbimizə həsr olunmuş maraqlı konsert proqramı ilə çıxış ediblər. Alqışlarla müşayət olunan musiqili kompozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Çıxışçılar Vətən Müharibəsindəki tarixi Qələbəmizdən, milli birliyimizdən, Ali Baş Komandanın təkrarsız siyasətindən söz açaraq şankı qələbəmizdən qürur və iftixar hissi keçirdiklərini bildiriblər.
Tədbirdə çıxış edən Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar tarixi qələbəmizin əldə olunmasına görə Azərbaycan Ordusuna və Ali Baş Komandana bir daha təşəkkür edərək, təqdimatı keçirilən kitabın Azərbaycan məktəbliləri üçün əvəzsiz hədiyyə olduğunu vurğulayıb. Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun salamlarını tədbir iştirakçılarına çatdıran Nicat Dağlar bildirib ki, Missiya Media Qrupu bundan sonra da sosial layihələrini davam etdirəcək.