“Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb. AMEA-nın necə deyərlər, canı olan Elmi bölmələri ləğv edilib. Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Pandemiya dövründə bu mənasız məsələnin yerlərdə icrasına bir neçə ay nahaq vaxt sərf edilmiş, bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur. Cənab Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə nazirliyinin funksiyasını öz üzərinə götürmüş, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirmişdir. Bu yoxlamalar pandemiyanın tüğyan etdiyi vaxtda heç kəsə lazım deyildi. Sovet diktaturası dövrünün “ideal” kadrına isə insanları qorxutmaq, “gözükölgəli” etmək, onları özünə tabe etdirməyin bir vasitəsi kimi lazım idi". Bunu AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov Ramiz Mehdiyev barəsində “Yeni Müsavat”a verdiyi açıqlamada deyib. Amma təkcə bu deyil. Sabiq nazirin dediklərindən belə anlaşılır ki, Ramiz Mehdiyev Akademiyanı çökdürür, dövlət vəsaitlərini öz şəxsi rahatlığını təmin etməyə yönəldir, lazımsız vəzifələr yaradır, ciddi elmi araşdırma aparmaq istəyən kadrları “gözümçıxdıya” salaraq onların AMEA ilə əlaqələrinin kəsilməsinə çalışır. Misir Mərdanov AMEA prezidentini“ Sovet diktaturasının “ideal” kadrı adlandırararaq onu “Xalqın pulunu havaya sovurmaqda” ittiham edib.
Əslində AMEA institutlarından birinin rəhbəri tərəfindən verilmiş bu açıqlamadan sonra Ramiz Mehdiyev ictimaiyyət qarşısına çıxıb deyilənlərə münasibət bildirməliydi. Hər halda Misir Mərdanov orta statistik elm adamı deyil və demək ki, onun fikirlərinə ciddi reaksiya verilməliydi. Bu günə qədər barəsində səsləndirilən ittihamlara münasibət bildirməyən cənab, daha doğrusu yoldaş Mehdiyev bu dəfə də əzəli qaydada davranıb. Onun “Unikal” qəzetinə verdiyi açıqlamaya diqqət edək: “Təşəkkür edirəm ki, siz bu məsələ haqqında fikirləşirsiniz. Ancaq əsas mövqeyim ondan ibarətdir ki, akademiyada sağlam şərait yaradıb, elmlə məşğul olub, elmə təkan verərək, dövlətimizə kömək edək”. Nə qədər qeyri-səmimi fikirlərdir, deyilmi? Ölkə ictimaiyyəti, tanınmış alimlər, ziyalılar onu istefaya çağırır, AMEA-nın çökdürülməsinə yönəlik addımlar atmasından bəhs olunur, dövlətin vəsaitlərini mənasız layihələrə yönəltməkdə, AMEA-nın Rəyasət Heyətinin tarixi memarlıq abidəsi olan binası ilə şəxsli malikanə kimi davranmaqda ittiham olunur, amma o, bütün bunlara cavab vermək əvəzinə, məhv etdiyi elmin inkişaf etdirilməsinin əhəmiyyətindən danışır. Özünü yenə də hamıdan “yuxarıda” görərək əleyhinə fikir bildirənlərə sanki, “sizin dediklərinin milçək vızıltısı kimi bir şeydir” mesajını göndərir. Adama deyərlər ki, hanı elm? Hanı sanballı elmi araşdırmalar? Hanı gənc alimlərin təşəbbüslərinə dəstək layihələri? Bəlkə Ramiz Mehdiyev hesab edir ki, dövlətin vəsaiti ilə özünə yeni lift quraşdırmaq elmin inkişafına xidmətdir? Mənasız vəzifələr təsis etmək, şəxsi xidmətçilərinin sayını artırmaq nə vaxtdan elmi fəaliyyət hesab olunur?
Yaxşı, Misir Mərdanovun ittihamlarına cavab verilmədi, bəs Yeni Azərbaycan Paryiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlunun dedikləri niyə cavabsız qaldı?“Bakupost”a danışan millət vəkili Hikmət Babaoğlu da açıq və aydın şəkildə bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getməli, kadr dəyişikliyi həyata keçirilməlidir. Sitat: “Düşünürəm artıq vaxtı çatıb ki, AMEA yenilənsin və orada keyfiyyət dəyişikliyi olsun. Bu dəyişikliklərin nə vaxt olacağı ilə bağlı təxmini fikirlərim yoxdur, amma nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki zaman bizim əleyhimizə işləyir. Bu gün ölkəmizdə geniş, dərin islahatlar həyata keçirilir. Azərbaycan xalqı öz mədəni, ictimai, humanitar həyatının bütün sahələrində böyük nailiyyətlərə, yeniliklərə imza atıb. Bu coşqu elmin inkişafına da yeni stimul gətirməlidir. Çox yaxşı olardı ki, tez bir zamanda AMEA həqiqi funksiyasını yerinə yetirəcək quruma çevrilsin”, - sitatın sonu.
İndi soruşuruq: Ramiz Mehdiyev nə vaxta qədər Azərbaycan elmini öz hikkəsinə qurban verəcək? Ölkə ictimaiyyətinin çağırışlarını qulaqardına vurmaq hara qədər davam edəcək? Ümumiyyətlə, bu dirənişin arxasında hansı məqsədlər var? Yoldaş Mehdiyev nəyə nail olmaq istəyir? Daha kimlər onu istefaya çağırmalıdır ki, AMEA prezidenti nəhayət ki, kürsüsünü elmin inkişafında maraqlı olan birinə təhvil versin? Axı gözlə görünən bir həqiqət var ki, Ramiz Mehdiyev AMEA-nın Prezidenti postunda Azərbaycan elminə ölkənin ümumi inkişaf qatarında yer qazandıra bilmir! Daxili intriqalar, köhnə düşmənlərdən qisas almaq marağı, heç bir əhəmiyyətə malik olmayan mənasız strukturlar yaratmaq, elmə xidmət etməyə çalışanları küsdürmək, incitmək ehtirası ilə ölkənin elmi potensialını yüksəltmək mümkün deyil axı. Millət vəkili Hikmət Babaoğlunun dediyi kimi, Azərbaycan xalqı öz mədəni, ictimai, humanitar həyatının bütün sahələrində böyük nailiyyətlərə, yeniliklərə imza atıb. Bu coşqu elmin inkişafına da yeni stimul gətirməlidir. Bəli, mütləq belə olmalıdır! Elmsiz gələcək yoxdur! Ramiz Mehdiyevin bugünkü davranışı məhz gələcəyimizə təhlükədir! Ramiz Mehdiyev mətbuata verdiyi bugünkü açıqlamasında dediyi kimi, əsas mövqeyi dövlətə kömək etməkdirsə, onda yaxşı olar ki, ona ünvanlanmış çağırışlara əməl eləsin. Yəni istefa verib həyatı göz qamaşdıracaq təqaüdçü kimi ömrünü sürdürsün . Bu, onun dövlətə ən böyük köməyi, ən böyük xidməti olar!
Sonda Prezident İlham Əliyevin AMEA-nın 70 illk yubileyinə həsr olunmuş üumi yığıncaqdakı çıxışından bir hissəni xatırlatmaq istərdik. Dövlət başçısı belə demişdi:
“Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.
Missiya.Az