Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Qalib Azərbaycanın müzəffər gəncliyinin müstəqilliyin və dövlətçiliyin qorunmasında rolu və vəzifələri” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfrans iştirakçıları Azərbaycanda həyata keçirilən gənclər siyasətinə dair videoçarxa tamaşa ediblər.
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Qarabağ Qaziləri ictimai birliyinin Nizami rayon şöbəsinin sədr müavini, Vətən Müharibəsi iştirakçısı Nicat Cəlilov, Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov və rayonun fəal gəncləri iştirak ediblər. Tədbirdə dövlətin gənclər siyasəti, Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi genişmiqyaslı proqramlar barədə çıxışlar dinlənilib.
Çıxışlardan sonra bir qrup gənc fəxri fərmanlarla təltif olunub. Həmçinin, qazilərə və şəhid ailələrinin nümayəndələrinə Missiya Media Qrupunun hədiyyələri təqdim edilib.



