Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin artırılmasına töhfə verəbiləcək potensialı olan müxtəlif sənaye bölgələrini ziyarət edib.
Ziyarət zamanı pakistanlı işadamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı bildirilib.
Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən verilən məlumata görə, bu ölkənin nüfuzlu şirkətlərindən biri olan "Sardar Group Company"-nin rəhbəri, eləcə də İslamabad Sənaye və Ticarət Palatasının keçmiş prezidenti Sərdar Yasir İlyas Xanın təşkilatçılığı ilə baş tutan ziyarət zamanı, X.Fərhadov bu ölkənin yeyinti, əczaçılıq və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış zavod və fabriklərinə baxış keçirərək iş prosesləri ilə yaxından tanış olub.
Ziyarət zamanı ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eləcə də pakistanlı işadamlarından ibarət heyətin ölkəmizə səfərinin təşkil olunacağı diqqətə çatdırılıb.