AZ   |   RU
«Qərbi Azərbaycan Yaddaşı» Layihəsinin təqdimatı keçirilib - FOTO

Bu gün “Holiday Inn” otelində "Qərbi Azərbaycan Yaddaşı" layihəsinin təqdimatı keçirilib. 
 
8 noyabr 2020-ci il Zəfər günündən başlayaraq start verilən "Qərbi Azərbaycan Yaddaşı" layihəsi , Qərbi Azərbaycan İcması və SİNAM şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) texniki dəstəyi ilə ərsəyə gətirilib. Layihə SİNAM şirkəti tərəfindən hazırlanan GoMap.az milli elektron xəritə üzərindən reallaşdırılıb.
 
Layihənin əsas məqsədi hazırda Ermənistan Respublikasının nəzarət etdiyi qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, vətənlərini ötən yüzillikdə 4 dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk etməyə məcbur olmuş insanların, adları dəyişdirilən yaşayış məskənlərimizin mədəni irsini və yaddaşını elektron daşıyıcılara həkk etmək, bu insanları virtual məkanda birləşdirərək milləti böyük qayıdışa hazırlamaqdır.
 

GoMap.Az portalı vasitəsi ilə həyata keçirilən bu layihənin əsas özəlliyi ondadır ki, Qərbi Azərbaycan ərazisindəki adları dəyişdirilmiş 1000-dən artıq toponimlərimiz - yaşayış məskənləri, tarixi yerlər, dağ zirvələri, göllər, çaylar və bulaqlar  öz tarixi adlarında bərpa olunmuş şəkildə, Azərbaycan dilində olan adları ilə verilir. Həmçinin tarixi yaddaşı bərpa etmək üçün Qərbi Azərbaycan icmasının və bu bölgə ilə bu və ya digər formada əlaqədar olan bütün soydaşlarımızın səylərini birləşdirir.

Layihə XX əsr ərzində bir neçə dəfə öz tarixi yurdlarından qovulmuş soydaşlarımıza bir daha (hələlik virtual da olsa) o yerlərə səyahət etmək, Qərbi Azərbaycanda yaşadıqları şəhər və kəndlərdəki ünvanlarını paylaşmaq, o yerlərlə bağlı fotoları dərc etmək və itirilmiş insani əlaqələri bərpa etmək imkanı verir.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) texniki dəstəyi ilə həm ərazinin peyk fotoşəkillərinin, həm də proqram təminatının yerləşdirilməsi üçün texniki platformanı təmin edərək layihənin qısa müddət ərzində həyata keçirilməsinə imkan yaradılıb.
 
Layihənin əsas ideya müəllifi millət vəkili, Qərbi Azərbaycan icmasının sədri, Qərbi Azərbaycanın toponimlərinin araşdırılması ilə bağlı bir çox elmi əsərlərin müəllifi Əziz Ələkbərli tədbiri açıq elan edərək, layihə barədə ətraflı məlumat verib, ölkə başçısı cənab prezident İlham Əliyevin birbaşa tapşırığı və tövsiyələri əsasında həyata keçirilən məhz bu layihənin  Qərbi Azərbaycana qayıdışın başlanğıcı hesab olduğunu bildirib. Əziz Ələkbərli qeyd edib ki, 27 sentyabr 2020-ci ildən etibarən Qarabağın müfəssəl xəritəsi portala qoyuldu və portal Vətən Müharibəsində minlərlə istifadəçi üçün bələdçiyə çevrildi. 8 noyabr 2020-ci il Zəfər günündən başlayaraq isə "Qərbi Azərbaycan Yaddaşı" layihəsinə start verilib.
 
Daha sonra çıxış edən “Sinam” şirkətinin prezidenti Elçin Əliyev layihənin təqdimatında bildirib ki, Qərbi Azərbaycandakı tarixi adların bərpası tarixi ədaləti bərpa etməyə imkan verib.
 

Onun sözlərinə görə, rəqəmsal inkişaf dövründə tarixi silmək mümkün deyil. 
 
Sitat: “Elektron platforma sayəsində bütün dünyaya həqiqi adları nümayiş etdirə bildik. Layihə çərçivəsində 1000-dən çox toponim bərpa olunub. Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək, həmçinin həmin yerlərin şəkillərini əlavə edəcəklər”, - sitatın sonu. 

Daha sonra tədbirdə çıxış edən RİNN yanında  Kosmik Agentliyin sədri Saməddin Əsədov nazirliyin  "Google" axtarış sistemindəki xəritələrdə adların Azərbaycan dilində göstərilməsi üçün şirkətlə fəal əməkdaşlıq etdiyini bildirib. 
 
Tədbirdə iştirak edən millət vəkillərindən Məlahət İbrahimqızı, Arzu Nağıyev, Vüqar İskəndərov, Tural Gəncəliyev, Etibar Əliyev, Sədaqət Vəliyeva, İltizam Yusifov, ziyalılardan Azərbaycan Tele Radio Şurasınn üzvü, TeleRadio Akademiyasının rektoru, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə, publisist Telli Pənahqızı, tədqiqatçı alim İbrahim Bayramov vəs. çıxış ediblər. 
 
Tədbirin sonunda layihə və xəritədən istifadə qaydaları izahlı nümayiş etdirilib.
 
 
 
 

 

  • 11-01-2022, 17:15